UNİCEF Naxçıvanda layihələr həyata keçirəcək

Siyasət


BMT-nin Uşaq Fondu (UNICEF) Naxçıvanda layihələr həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bildirib:

“Azərbaycanla UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq var. Bu əməkdaşlığı Naxçıvanla da edəcəyik. Burada bir neçə gün ərzində bir sıra təhsil, səhiyyə müəssisəsi ilə tanış olduq. Müəssisələrdəki vəziyyət kifayət qədər yaxşı görünürdü. Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb, Naxçıvan Gənclər Mərkəzi, Perinatal Mərkəz olduqca xoş təəssürat bağışlayan, həmçinin böyük potensialı olan müəssisələrdir.

3 nömrəli məktəbin şagirdləri ilə söhbət etdik, onlarda gələcəyə dair böyük potensial var. Həmçinin Səhiyyə Nazirliyi ilə birgə səhiyyə sisteminin yenidən strukturlaşdırılması, yenidən təşkili fonunda görüləcək işlər barəsində həmsöhbət olduq. Hiss olunurdu ki, burada yeni təşəbbüslər, yenidənqurma prosesi gündəmdədir”.

Görüşdə səhiyyə, təhsil kimi sahələrdə əməkdaşlıqla bağlı qarşılıqlı razılaşma əldə edilib:

“Qarşılıqlı razılaşma əldə edildi ki, prioritet təşkil edən məsələlərlə bağlı fikir mübadiləsini davam etdirək və səhiyyə, təhsil kimi sahələrdə əməkdaşlıq edək. Gələcəkdə onların daxilində konkret hansı proqramlar, hansı layihələr, təşəbbüslər olacaq onları müəyyənləşdirmək lazımdır. Maliyyə tələb olunduğu üçün onları konkret layihələr üzrə təyin etməliyik”.

UNİCEF artıq muxtar respublikada layihə həyata keçirməyə başlayıb:

“Qeyd edim ki, Naxçıvanda artıq fəaliyyətə başladığımız layihə var. Naxçıvan Muxtar Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə 2023-cü ilin iyun-avqust aylarında Çoxgöstəricili Klaster Sorğusu (MICS) həyata keçiriləcək. Mayın 18-də Naxçıvanda bu sorğu üzrə sahə işlərini həyata keçirəcək heyət üçün təlimlərə başlanılıb. Dövlət Statistika Komitəsi ilə birlikdə həyata keçiriləcək sorğunun nəticəsində bir sıra göstəricilərlə bağlı, yəni analar, uşaqlar, suyun keyfiyyəti və sair bir çox məlumatlar toplanılacaq, Azərbaycan hökuməti tərəfindən istifadə olunacaq. Ona görə də, tədbir olduqca əhəmiyyətlidir. Bütün Naxçıvan boyunca 1 280 ailə ilə görüşlər keçiriləcək, müsahibələr aparılacaq.

Təlim 30 gün davam edəcək, ardınca 6 həftə sahə işi həyata keçiriləcək. Təlimdə iştirak edənlər Dövlət Statistika Komitəsi ilə birlikdə Naxçıvan əhalisi arasından seçilmiş iştirakçılardır. Onlar təlim zamanı ən yüksək səviyyədə lazımi bilikləri əldə edəcəklər ki, sonra sahə işində də keyfiyyətli məlumatların toplanılması ən yüksək səviyyədə həyata keçirilsin. Belə layihələrin davamlı olacağına əminik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir