Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb:
“Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.
Nazir, həmçinin COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib.
Daha sonra nazir Teymur Musayev son günlər Ermənistan mediasında Ümumdünya Səhiyyə Təşkilatının həmin ölkədəki Nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.
Hans Kluge məsələyə dair Təşkilatın Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxladığını, Ümumdünya Səhiyyə Təşkilatının Ermənistandakı Nümayəndəliyi ilə səhiyyə naziri arasında keçirilmiş görüşdə Azərbaycana aid heç bir fikir səsləndirilmədiyini, ümumilikdə ÜST-nin dünyada tibb personalına qarşı hücumları pislədiyini bildirmişdir. Hans Kluge hadisə ilə bağlı hər hansı bir məlumatın ÜST-nin rəsmi internet səhifəsində yayımlanmadığını vurğulayıb.
Görüşdə Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırdı. Hans Klüge ÜST-nin öz fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.
Daha sonra Hans Henri Kluge ÜST-nin Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. Həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.
Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası mayın 30-da yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən ali qərar qəbuledici orqanıdır.
www.RIA24.az