“Bu gün biz cənab Prezident Nauseda ilə əməkdaşlıq üçün potensial sahələri geniş şəkildə müzakirə etdik. Prezident onları artıq qeyd etdi. Fikrimcə, potensial həqiqətən var. Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib.
Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialının olduğunu və bu məsələnin hər iki ölkənin gündəliyinə daxil edildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib:
“Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar”.
www.RIA24.az