“Ermənistanla sərhədlərin açılması ilə bağlı hazırda heç bir müzakirə aparılmır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində deyib.
M.Çavuşoğlu ilə müsahibəni təqdim edirik:
– Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə, Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün hansı yeni addımlar atıla bilər? Ümumiyyətlə Türkiyə-Azərbaycan əlaqələrinin gələcək inkişafını necə görürsünüz?
– Türkiyə-Azərbaycan münasibətləri dünyaya bir nümunədir. Bu münasibətlərin bu səviyyəyə gəlib çatmasında Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə atdığı addımların payı böyükdür. Əlbəttə, təbii bağlar da var. Keçmişdə münasibətlərə dəstək olan hər kəsi hörmətlə yad etməyimiz vacibdir. Heydər Əliyev də bu məsələ ilə bağlı “Bir millət iki dövlət” fikrini səsləndirib. İki ölkə arasındakı əlaqələrin güclənməsi üçün çox önəmli addımlar atılıb. Atatürkün dediyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün həmin sözlərlə liderlər səviyyəsində önəmli addımlar atırıq. Qardaşlığımız möhkəm, siyasi əlaqələrimiz mükəmməldir. Artıq tək şəxsiyyət vəsiqəsi ilə vətəndaşlar rahat şəkildə gediş-gəliş edə bilirlər. İqtisadi baxımdan tərəfdaşlığımız daha da artır. Qarabağ azad ediləndən sonra Azərbaycanın hərtərəfli inkişafına dəstək olmağa çalışırıq. Azad edilən ərazilərdə hava limanlarının rəsmi açılışlarında iştirak etmişik. Seçkilərdə qələbə qazansaq, iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək üçün önəmli addımlar atacağıq. Hədəfimiz təkcə Azərbaycanla əlaqələrin gücləndirilməsi deyil, eləcə də türk dünyasının bağlarının gücləndirilməsidir. Bu gün dünyada enerji, qida böhranı hökm sürür. Bu cür təhdid və risklərə qarşı həm öz mənfəətlərimizi qorumaq, həm də strateji həmlələrlə bundan istifadə etməyimiz lazımdır. Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var. Keçmişdə Azərbaycanın yerini bilməyənlər bu gün Bakıya tez-tez gələrək “bizə qaz verin” deməyə başlayıblar. Amma bu, mənfəət dünyasıdır. Bizim üçün önəmli olan Türkiyə və Azərbaycan xalqının rifahı üçün ata biləcəyimiz addımları düşünməkdir. Ona görə TANAP xəttinin ixrac həcmini artırmaq lazımdır. Bu gün tək özümüz üçün deyil, Avropa da başda olmaqla dünyanın ehtiyacını qarşılamaq üçün əməkdaşlıq edirik.
– Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk səfərini hansı ölkəyə edəcək?
– Bu mövzunu müzakirə etməyə dəyməz (gülümsəyir). Təbii ki, hər zaman ilk ziyarət Azərbaycan və Şimali Kipr Respublikasına olur. Həmişə belə olub.
– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqlar necə gedir? İrəvanın mövqeyində müsbət dəyişiklik varmı? İki ölkənin əlaqələrinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin yaxın vaxtlarda görüşü gözlənilirmi?
– Azərbaycanın torpaqları beynəlxalq səviyyədə tanınıb. İşğal edilən ərazilər azad olunub, Qarabağ Azərbaycanındır. Keçmişdə status-kvo danışılırdı. Amma indi buna ehtiyac yoxdur. Orada yaşayan bütün ermənilər Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın idarəçiliyində təhlükəsiz və sülh şəraitində bütün hüquqlarından istifadə edərək yaşaya bilərlər. Azərbaycan buna hazırdır. Azərbaycan sülhə hazırdır. Azərbaycan Ermənistana hərtərəfli sülh təklifi də edib. Tez bir zamanda sülh sazişi imzalanmalıdır. Biz Cənubi Qafqazda davamlı sülh istəyirik. Azərbaycanın bu istiqamətdə atdığı addımları dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında bu istiqamətdə atılacaq müsbətyönümlü addımları da dəstəkləyirik. Biz də bunu dəstəkləmək üçün Ermənistanla bəzi addımlar atdıq, görüşlərə başladıq. Xüsusilə də özəl nümayəndələri göndərdik. Hava sərhədlərimizi üçüncü ölkələrə gedəcək təyyarələr, eləcə də Türkiyəyə gələcək uçuşlar üçün də açdıq. Digər tərəfdən karqo ticarəti başlayıb. Bütün bu addımları can Azərbaycan, başda xarici işlər naziri Ceyhun Bayramovla məsləhətləşmələr edərək atdıq. Təbii ki, Azərbaycanın mənfəətləri bizim üçün hər yerdə, sadəcə bu bölgədə deyil, bütün dünyada birinci növbədədir. Bizim mənfəətlərimiz də Azərbaycan üçün ilk sırada gəlir. “Bir millət, iki dövlət” deyimi də məhz belə olmalıdır. İrəvanda keçmişdə Osmanlı dönəmində azərbaycanlı qardaşlarımızı və bizim əsgərlərimizi, ardınca bizim diplomatlarımızı şəhid edən terrorçu üçün heykəl ucaldılması, təbii ki, qəbuledilməzdir. Biz də bəzi tədbirlər gördük. Türkiyə üzərindən üçüncü ölkələrə tətbiq edilən uçuşlara hava sərhədimizi bağladıq. Bu gün Ermənistandan bu xətanı düzəltməsini gözləyirik. Biz Ermənistana hansısa ilkin şərt qoymadıq. “Qondarma soyqırımı iddialarından əl çəkəcəksiniz, biz də addım atarıq” demədik. Onlar da bizə şərt qoya bilməzlər. Çünki iddiaları əsassızdır. Lakin terrorçuların heykəlini ucaltmaq qəbuledilməzdir. Əgər səhvlərini düzəltməsələr, yenə də başqa tədbirlər görərik.
Davamlı sülh üçün Ermənistanın da səmimi olması lazımdır. Laçın yolunda təxribatlardan əl çəkmək lazımdır. Qarabağa qanunsuz yolla əsgər və ya silah göndərmək kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır. Azərbaycanın təbii sərvətləri olan mədənlərinin talan edilərək başqa yerlərə satılmasına icazə verilməməlidir. Bütün dünya da bilir ki, bütün bu məsələlərdə can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt yalnız deyil və olmayacaq da. Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar olsa da, hələ həyata keçməyib. Bu, Ermənistanın da xeyrinədir. Ermənistan da bundan istifadə etmək istəyirsə, tez bir zamanda bu addımları atmalı, öhdəlikləri yerinə yetirməlidir.
– Türkiyənin Ermənistanla sərhədlərini açması üçün əsas tələbi, şərti nədir?
– Ermənistanla sərhədlərin açılması ilə bağlı hazırda heç bir müzakirə mövzusu yoxdur. İki tərəfdə də gündəmdə gələcəkdə sərhədlərin açılacağı təqdirdə, yolların düzəlməsi, tarixi İpək yolunun restavrasiyası, ayrı-ayrı görüləcək işlər, körpülərin nəzərdən keçirilməsi var. Amma bu heykəl məsələsi davam etdiyi müddətdə sərhədlərin açılması mümkün deyil.
– Türkiyənin Suriya rəhbəri Bəşər Əsədlə birbaşa danışıqlara getməsi mümkündürmü?
– Hazırda dördlü formatda bunu müzakirə edirik. Moskvadakı görüşdə belə bir qərar verildi ki, daxili işlər nazirinin müavinləri səviyyəsində komitə yaradılacaq. Digər aidiyyəti qurumlar da müzakirələrdə iştirak edəcəklər. Görüşdə müzakirə edilən məsələlər üzərində yol xəritəsi hazırlanacaq. Müzakirədə Suriyada terrorun təmizlənməsi, miqrantların təhlükəsiz şəkildə Suriyaya geri göndərilməsi, siyasi müddətin canlandırılması və Suriyada davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi kimi önəmli məsələlər var. Bu mövzuda əməkdaşlıq və birgə işlər davam edəcək.
www.RIA24.az