Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun ittihamlarına cavab verib.
Bu barədə XİN-in yaydığı məlumatda bildirilir.
Rəsmi Bakı bəyan edib:
“Dövlət rəsmisinin dedikləri bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyin göstəricisidir”.
Bildirilib ki, Jan Asselborn özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışır.
“O, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən nə səbəbdən bu məsələni bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb?”.
“Bəlkə Lüksemburq XİN-in Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur?”, – deyə açıqlamada bildirilir.
XİN qeyd edib ki, insan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz.
Xatırladaq ki, fevralın 24-də Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında Azərbaycanı Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə ittiham edib.