“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, qanunun 20-2.2-ci maddəsinə aşağıdakı məzmunda cümlə əlavə edilir:
“İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər”.
Eyni zamanda, aşağıdakı məzmunda 20-3.5-ci maddə əlavə edilir:
“Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar”.
Bundan başqa, dövlət başçısı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti kritik informasiya infrastrukturu obyektlərinin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
www.RIA24.az