Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub

Siyasət

Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş olunub.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə Xocalı soyqırımı silsiləsinə aid əsərlər, həmçinin “Dağılmış yuvalar”, “İçi boş insan”, “Etiraz”, “Zori Balayanın surəti”, “Ümid” əsərləri daxildir. Qeyd olunub ki, bu əsərlər Xocalı soyqırımını dünyaya çatdırmaq üçün İstanbulda Milli Saraylar Muzeyində “Gözü yaşlı Xocalı” və Belçikanın Kral İncəsənət Muzeyində “Xocalıya ədalət!” adları altında sərgilənib.

Bildirilib ki, bu rəsm əsərləri soyqırımına məruz qalmış insanların yaşadıqlarını, psixoloji vəziyyətini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır. “Ümid” əsəri isə hər faciədə bir ümidin olduğuna işarədir və son dövrlərdə yaşadığımız hadisələr, torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizi bu istəyimizə qovuşdurdu.

Sərgi ilə tanış olan Milli Məclisin Sədri Sahibə Qafarova Xocalı faciəsinin incəsənət dili ilə bu cür uğurlu təsvirinə görə rəssam Ramal Kazıma təşəkkürünü bildirib. Qeyd edib ki, belə bir sərgiyə baxmaq həqiqətən çox təsirlidir. Spiker gənc rəssama bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir