Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”

Siyasət

“Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəmirəm. Dediklərim Ermənistanda müəyyən qruplar tərəfindən sui-istifadə edilə bilər. Məsələni özləri həll etsələr, yaxşıdır”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Əlbəttə qonşu ölkə olaraq, müharibənin başa çatmasını nəzərə alsaq, biz Ermənistandakı vəziyyətlə bağlı biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Onlar üçün bu, sui-qəsd olacaqdır.

Vəziyyət bundan da qat-qat pis olacaqdır. Bu gün Ermənistanda onlar anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə və ya bir neçə ayda baş verənlərin nəticəsi deyil. Bunun birbaşa səbəbi işğaldır. Onlar bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycana fobia üzərində qurulmuş miflərdən ibarətdir. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir. 

Narahat deyiləm ki, Ermənistanda baş verə biləcək hər hansı dəyişiklik 10 noyabr bəyanatının icrasına təsir etsin. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə, ona görə ki, burada Rusiya prezidentinin imzası var. Yəni bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən öncəki dövrlə müqayisədə 10 dəfə artıb. Müharibədən əvvəl də Ermənistan Rusiyadan ən çox asılı olan ölkə idi. Mən Ermənistanı ittiham etmirəm, bu, reallıqdır.

Ermənistanın cürəti, cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?! Yəni burada sadəcə o bəyanatdan söhbət getmir. Söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir