Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvada söz savaşında məğlub olub və onun bu çıxışı erməni mətbuatı, müxalifəti tərəfindən kəskin tənqid olunub. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyana Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığını bildirməsi və hökumət başçısının bunu susqunluqla qarşılaması Ermənistan müxalifəti kəskin hiddətləndirib. Ermənistan diplomatik sahədəki məğlubiyyətinin əvəzini adətən Azərbaycanla sərhəddə, Azərbaycana qarşı müxtəlif hərbi əməliyyatlar keçirməklə ört-basdır etmək istəyir. Bu gün Moskva görüşünün uğursuzluğunun acısını Paşinyan hakimiyyəti Azərbaycanla sərhəddə təxribat törətməklə çıxarmağa çalışır.
Moldovanın paytaxtı Kişineuda Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanması, yaxud bir həftə sonra Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin Moskvada kommunikasiya və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı görüşü ərəfəsində baş verən bu təxribat Ermənistanın sülh müqaviləsinə, Azərbaycanla münasibətlərin normallaşmasına yanaşmasının təzahürüdür. Bu ermənilərin növbəti cığallığı, Ermənistanın sərhəddə törətdiyi təxribatın siyasət meydanında törətdiyinin davamıdır.
Bu bir daha təsdiqləyir ki, Ermənistan bütövlükdə – həm hakimiyyəti, həm müxalifəti nə sülhə, nə də Azərbaycanla münasibətlərin normallaşmasına hazırdır. Onların verdikləri bəyanatlar, xüsusən Paşinyanın özünü sülhsevər göstərməsi cəhdləri oyundan başqa bir şey deyil. Çünki nə Ermənistan, nə də onun havadarları bu ölkənin Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı görünmürlər, eləcə də həmin havadarlar Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasından da yana deyillər. Havadarlar və Ermənistandakı ideyasız, təşəbbüssüz müxalifət status-kvonun qalmasını, yəni qərb sərhədindəki qonşusu ilə münasibətin bu səviyyədə qalması və Cənubi Qafqazda vəziyyətin dəyişməz, gərgin qalmasını istəyirlər. Ona görə də bu qüvvələr Azərbaycana qarşı təxribatlarda Ermənistanı dəstəkləyirlər.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az