Pul çox olanda Vətənin suyu şirin, az olanda acı olur – ŞƏRH

Siyasət


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il üçün kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.

Bəzi QHT nümayəndələri qrant ala bilməyiblər, bəziləri isə qrantın azlığından şikayət edərək Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.

Çox qəribə və təzadlı məntiqdir, QHT olmaq müsabiqə və rəqabətdə əbədi qalib olmaq demək deyil.

Bir dəfə udarsan, bir dəfə uduzarsan, bir dəfə çox pul alarsan, bir dəfə az.

Mənəviyyatı puldan asılı etməyin nümunələrini müxtəlif əsərlərdəki personajları misal gətirməklə vermək olar. Amma belə şəxsiyyətlər təkcə bədii əsərlərdə, filmlərdə, seriallarda olmur. Gerçək həyatda da pul üçün hər şeyi edənlər, müqəddəs sayılan anlayışları belə, pul üçün istifadə edən kəslər az deyil.

Səslərini başlarına atan QHT nümayəndələrini də buna bənzətmək olar.

Əgər nəticədən narazısansa, şikayət ver, mübahisələndir, o da nəticə verməsə, başqa qanuni üsullara əl at. Yoxsa müsabiqə nəticələri elan olunan gün etiraz aksiyasına çıxmaq nə deməkdir? Ola bilər ki, sizin düşüncənizə görə, təqdim etdiyiniz layihələr daha çox pula layiqdir. Bəs onda bu ekspertlər, qiymətləndirmələr, Müşahidə Şurasının nəzarəti nə üçündür?

Hələ onu da araşdırmaq lazımdır ki, görəsən, illərlə pul alan bu QHT-lər hansı böyük işlər görüblər?

Məlumatlara əsasən, aksiyaya 18 QHT-nin nümayəndəsi çıxıb. Bəziləri ümumiyyətlə qrant müsabiqəsindən maliyyə ala bilməyənlər, bəziləri ötənilkilərə nisbətən az alanlar, bəziləri isə ümumiyyətlə daha çox pul umanlardır.

Ümumilikdə həmin QHT-lərə 2019-cu ildən bu günə qədər 629 500 manat vəsait ayrılıb. Ancaq kim deyə bilər ki, ortada real nəticə var?!

Gəlin kiçik bir araşdırma edək. Məsələn, götürək “Gənclərin Həmrəyliyi” İctimai Birliyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyini. Hər iki QHT-nin rəhbəri eyni şəxsdir və 2019-cu ildən bu günə qədər qrant müsabiqələrində nə az, nə çox – düz 70 100 manat alıb.

İnternet resurslarında axtarış zamanı bu və ya digər QHT-lərin fəaliyyəti barədə oxşar və cüzi məlumatlar çıxır. Harasa gediblər, təlim keçiriblər (?) və sair.

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi, “Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi” Birliyinin sədrləri eyni şəxsdir. Bu QHT-lər 2019-cu ildən bu yana 67 100 manatlıq həcmdə qrant alıblar.

Gedib haradasa şəkil çəkdirmək, bir-iki tərifli söz demək QHT fəaliyyəti deyil. Əgər bu qədər böyük işlər varsa, hanı nəticələr? Bəlkə, müasir gənclik yetişdiriblər, beynəlxalq aləmdə dövlətimizin sözünü deyiblər, bir normal hesabat hazırlayıb beynəlxalq təşkilata göndərib ermənilərin 30 illik işğalını ifşa ediblər, cəmiyyətimizin də bundan xəbəri yoxdur?

Bu məsələnin davamını da gətirəcəyik, ancaq bundan əvvəl son dörd ildə xeyli sayda vəsait alan digər QHT-lərin də adlarını çəkmək yerinə düşər. Biz burada nisbətən ən çox məbləğ alanlara diqqət yetiririk, görək bunlar nədən narazıdırlar.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi 2019-cu ildə bu günə qədər 47 000 manat alıb. İnsafən deyək ki, bu qurum BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu üzv qəbul edilib. Lakin ortada informasiya məkanını silkələyə biləcək, məsələn, Azərbaycanın üzləşdiyi təhdidlərdən dolayı informasiya müharibəsində həlledici dönüş yarada biləcək nə çıxışlar var, nə də məlumatlar.

Siyahıları uzatmaq olar, lakin ən çox qrant alan QHT-lərin üçlüyünü təqdim etməklə kifayətlənirik.

Hələ bəzi QHT-ləri demirik, onlar pul alıb, yeyib-içmək məclisləri düzəltməyi, bərk qışqıraraq pafoslu sağlıqlar deməyi fəaliyyətlərinin cövhəri sayırlar. Türklər demişkən, arada “Vatan, millet, Sakarya” deməyi fəaliyyətlərinin devizi bilirlər.

“Vətəni sevmək imandandır” deyirlər, ancaq bu sevgi pul qarşılığında formalaşırsa, bunun imanla heç bir əlaqəsi yoxdur.

Dünya dəyişir, qlobal mübarizənin əsasını informasiya müharibələri, güclü təsiredici çıxışlar təşkil edir. Azərbaycana rəqib dövlətlərin informasiya məkanına sızdırdıqları yalanları, saxtakarlıqları ağılla, məntiqlə ifşa etmək lazımdır. Görəsən, bu QHT-lər bircə dəfə “dünyanı dağıdan” bir mövqe, rəqiblərimizin kürkünə birə salan fikirlər səsləndiriblərmi?

Danışanda hamısının ağzına çullu dovşan sığmır. Hələ informasiya müharibələrini, beynəlxalq təşkilatlarla, nüfuzlu qlobal QHT-lərlə təmasları bir kənara qoyuruq, etiraz edən QHT-lərin özlərinin saytları belə yoxdur.

Bizcə, düşünüb, abıra qısılmaq daha məntiqlidir, nəinki şivən salmaqla daha çox pul almağa cəhd etmək. Pul almaq deyəndə ki, pul qoparmaq. Pul çox olanda Vətənin suyu şirin, daşı pambıq, az olanda isə hər şeyi zəhər olursa, belə vətənpərvərlik kimə lazımdır?!

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir