“Prezidentin Müstəqillik Günündə Laçına səfəri ciddi tarixi əhəmiyyət daşıyır” – RƏY + FOTO

Siyasət


“Prezident İlham Əliyevin Müstəqillik Günündə Laçına səfəri və uğurla reallaşdırılan Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verməsi həm zaman, həm də məzmun baxımından ciddi tarixi əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Vətən müharibəsinə qədərki 30 illik dövrdə aparılan danışıqlar boyu Laçın Azərbaycan üçün ən prinsipial məsələ olub”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O xatırladıb ki, düşmən və havadarları bu və ya digər formada işğalda olmuş digər rayonları qaytarmağa “razılıq” versələr də, Laçını heç vaxt “güzəştə” getməyəcəklərini bəyan edirdilər:

“İlham Əliyev Vətən müharibəsindəki hərbi-siyasi qələbə ilə yaratdığı reallıqla nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını bir güllə atmadan tərk etsin. Eyni zamanda postmüharibə dövründə ermənilər ən çox təxribat və manipulyasiyaları məhz Laçın istiqamətində törədirdilər. Lakin İlham Əliyevin qətiyyətli mövqeyi ilə sərhəd-buraxılış məntəqələrinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi situasiyada İlham Əliyevin Laçına ilk qayıdışı reallaşdırması və Laçın şəhərindən verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, əslində, bütövlükdə bölgə üçün yeni yol xəritəsi hesab edilməlidir”.

Deputat bildirib ki, ilk növbədə Azərbaycan Prezidenti Laçına Böyük Qayıdışa start verməklə bu torpaqlara dönüşün əbədi və əzəli xarakter daşıdığını, açılışını və təməlqoymanı həyata keçirdiyi infrastruktur layihələri ilə isə 30 il bu torpaqları xarabazara çevirmiş işğalçıdan fərqli olaraq, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun sahibi olduğunu əməli olaraq nümayiş etdirib:

“Üstəlik, bu reallıq heç bir beynəlxalq subyektdə sual doğurmur və hətta qeyri-adekvat yanaşmalar belə Azərbaycanın iradəsi qarşısında əhəmiyyətini itirir. Laçın səfəri bölgədə sülh və təhlükəsizlik perspektivləri ilə bağlı da mühüm mərhələ hesab olunmalıdır. İlham Əliyevin dediyi kimi, “3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi artıq “Qarabağ Azərbaycandır!” sözlərini təkrar edir”. Yəni Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb və əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər”.

B.Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyevin Laçında ifadə etdiyi ən vacib məqamlardan biri məhz əks ssenari üzrə Bakının mövqeyinin bəyan edilməsi oldu:

“Sülh müqaviləsi imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.

Əlbəttə, bu, Bakının istər Ermənistan, istərsə də onun havadarları üzərində aşkar mənəvi-psixoloji və hərbi-siyasi üstünlüyünün göstəricisidir. Bu mənada Laçından səslənən tarixi bəyanat İlham Əliyevin Şərqi Zəngəzurdakı siyasi triumfu hesab edilə bilər. Dəyişən reallıqlar göz önündədir, lakin Azərbaycanın şərtlərində prinsipial olaraq dəyişən məqam yoxdur və dövlət başçısının dediyi kimi, biz öz planlarımızın son addımlığındayıq. Maraqlıdır ki, artıq beynəlxalq ictimaiyyət də Bakının iradəsi ilə hesablaşır. Hətta İrəvanın havadarları belə artıq hansısa “status”, yaxud “muxtariyyət” barədə nəinki danışmağa cəsarət etmirlər, əksinə bu gün qarşımızda qoyulan sualların məzmunu dəyişib – “bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq?” Bu artıq bölgənin güc sahibinin və regionun gələcəyi ilə bağlı qərar verən iradə sahibinin kim olduğunu göstərir. Əlbəttə, Azərbaycan Prezidentinin separatçılarla bağlı mövqeyi aydındır, “bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər”.

Milli Məclisin deputatı söyləyib ki, Laçın səfərində diqqət çəkən digər vacib nüans Prezident İlham Əliyevin özünün şəxsi keyfiyyətləri ilə bağlı məqamdır:

“Yaranan reallıq, müharibədə və sonrakı dövrdə Ermənistan və havadarlarının dalana dirənməsi İlham Əliyevin, sözün əsl mənasında, qlobal miqyaslı lider olduğunu göstərir. Digər tərəfdən, böyük sürətlə davam edən quruculuq-bərpa prosesi, qısa müddətdə Laçının timsalında Böyük Qayıdışın artıq üçüncü yaşayış məntəqəsini əhatələməsi Prezident İlham Əliyevin vədinə sadiq praqmatik siyasətçi obrazını daha da möhkəmləndirdi. Xüsusən dövlət başçısının 11 il öncə laçınlılara verdiyi və bu gün ləyaqətlə reallaşdırmaqda olduğu vədini xatırlatması bu illər ərzində onun fəaliyyətinin təməlində milli maraqlar və əsl lider kimi xalqın maraqlarının dayandığını nümayiş etdirdi. Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən İlham Əliyevin eyni zamanda 30 il ərzində onların həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində həyat şəraiti ilə bağlı məqamlara toxunması öz xalqının hər bir problemini dərindən bilən, bölgəyə olduğu qədər, xalqın vəziyyəti ilə bağlı real duruma da hakim olan bir lider olduğunu təsdiqlədi”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir