“Mayın 28-i türk dünyası, o cümlədən Azərbaycan iki bayramı qeyd etdi: Şərqdə ilk demokratik respublikanın qurulmasının 105-ci ildönümü və Türkiyədə ikinci tur prezident seçkisində demokratik yolla Azərbaycanın dostunun rəhbər seçilməsi”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərli deyib.
Deputat qeyd edib ki, Türkiyə seçkiləri dünyanın ən demokratik seçkilərindən biri idi:
“Əslində seçki sırf Türkiyə xalqının iradəsinin nəticəsidir. Lakin biz də qardaş, dost xalq olaraq, Ərdoğanın prezident seçilməsini arzulayırdıq. Hesab edirəm ki, Türkiyə xalqı öz inkişafına, dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə səs verdi.
Qeyd etməliyik ki, Azərbaycanın son illər qazandığı uğurlarda Türkiyənin siyasi, mənəvi dəstəyinin böyük rolu var idi. Tarixdə analoqu olmayan dostluq, qardaşlıq nümunəsi məhz dövlətlərimizin simasında yarandı. Bu münasibətin formalaşması liderlərin səyinin nəticəsidir. Qarabağın azad olunmasında, Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Türkiyənin dəstəyi böyük idi. Sonda isə Şuşa Bəyannaməsini imzalamaqla dövlətlərimiz həm də müttəfiq oldular.
Türkiyədə baş verən dəhşətli zəlzələni də bütün Azərbaycan xalqı öz daxilində hiss etdi. Qardaşlarımıza dəstək üçün bütün gücümüzü ortaya qoymağa razılaşdıq. Birlik, dostluq nümunəsini bütün dünyaya göstərə bildik.
İndi isə həyəcanla ikinci tur prezident seçkisinin nəticəsini gözləyirdik. Təsadüfi deyil ki, Ərdoğanı ilk təbrik edən də Azərbaycanın dövlət başçısı oldu. Biz də Türkiyə prezidentini təbrik edirik, arzu edirik ki, dostluq, qardaşlıq nümunəsi olan dövlətlərimizin birliyi bundan sonra da davam etsin”.
Qeyd edək ki, Türkiyədə keçirilən ikinci tur prezident seçkisinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan qalib gəlib.
Aysel Aslan
www.RIA24.az