Qırğızıstanın paytaxtı Bişkek şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin, Qırğızıstan Xalqlar Assambleyasının, yerli hökumətin və ictimaiyyətin, türk, qazax, özbək, uyğur, tacik, çeçen diasporlarının nümayəndələri, Qırğızıstan və Qazaxıstanda yaşayan soydaşlarımız iştirak ediblər.
Qırğısıztan və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan birliyin sədri Xansıvar Baxşəliyev xalqımızın və türk dünyasının dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycan tarixində müstəsna rolu barədə danışıb.
Konfransda çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstan Xalqlar Assambleyasının sədri Almanbet Matubraimov, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin millətlərarası münasibətlər idarəsinin rəisi İskəndər Eşimbekov, Qırğızıstan parlamentinin eks-spikeri, tarix elmləri doktoru, professor Zaynidin Kurmanov, “Azəri” ictimai birliyinin fəxri prezidenti, Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdov və başqaları böyük öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyinin əldə olunması, möhkəmləndirilməsi, dinamik inkişafı naminə həyata keçirdiyi misilsiz və əvəzsiz xidmətləri diqqətə çatdırıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təqdim edilib.
www.RIA24.az