“Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və ortamüddətli makro-iqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır.
“Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin artıq 60 faizi istifadə olunub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün əlavə 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsi zərurəti yaranıb”, – deyə o Samir Şərifov bildirib.
Bildirək ki, yenilənmiş büdcə layihəsində 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat çoxdur.
Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiqlənmiş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat artıqdır.
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat nəzərdə tutulur.
Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclərin 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin dövlət büdcəsindəki qiymətinin 50 dollardan 60 dollara qaldırılması təklif olunur.
www.RIA24.az