“Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə biz bu sahədə də uğurlar əldə etdik. Ona görə bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.
“Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. O biri təşkilatlar da buna baxıb, artıq gördülər ki, bəli, orada əgər bu, qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri. Bu, hüquqi bazadır. Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik. Mən Avropa Komissiyası ilə 2004-cü ildən bu məsələni daim müzakirə edirəm. Ona deyirəm ki, necə olar bilər, siz Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyirsiniz, bunu ikitərəfli sənədlərdə, hansısa bəyanatlarda əks etdirirsiniz, bizə gəldikdə, deyirsiniz ki, sülh yolu ilə həll olunsun. Bu, ədalətsizlikdir. Bu, nə qədər davam edə bilər?
Mən Avropa Komissiyasının prezidentlərinin bir neçəsi ilə işləmişəm və hər dəfə bunu demişəm və nəhayət, buna nail olduq. Bu, nədir? Bu, hüquqi bazadır. Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır? Biz öz torpağımızdayıq. Mən bəyanatlar vermişdim ki, bizim Ermənistan ərazisi ilə işimiz yoxdur, Ermənistan sərhədini biz keçməyəcəyik və keçmədik. Ona görə bax bu hüquqi baza lazım idi. Ondan sonra Qoşulmama Hərəkatına üzv olduq. Bəzi dırnaqarası siyasətçilər ağızlarını büzdülər ki, nahaq. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. Bizə qarşı müharibə dövründə BMT Təhlükəsizlik Şurasında çirkin kampaniya aparılan zaman qətnamə hazırlanırdı. Kim onu pozdu? Qoşulmama Hərəkatına üzv ölkələr, onlar bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi. O, qəbul edilsəydi də bizi dayandırmazdı. Heç nə və heç kim bizi dayandıra bilməzdi. Mən demişdim, ancaq Ermənistan baş naziri özü gərək bizə erməni qoşunlarının çıxarılmasının tarixini versin, ondan sonra biz dayanırıq. Amma bizə başağrısı gətirə bilərdi. Ona görə biz indi orada da etibarlı tərəfdaş kimi fəaliyyət göstəririk. BMT-nin xüsusi sessiyasını biz çağırdıq. Buna da müqavimət var idi və mən bu barədə indi deyə bilərəm, qoy insanlar da bilsinlər. Biz COVID-lə bağlı Qoşulmama Hərəkatının Zirvə görüşünü, Türk Şurasının Zirvə görüşünü keçirdik və BMT xüsusi sessiyasının keçirilməsi haqqında müraciət etdik. Amma bir neçə ay razılaşmalar gedirdi, dəqiqləşmələr gedirdi. Nəhayət, keçən ilin dekabrında bunu da keçirdik. Bu da beynəlxalq müstəvidə hazırlıq idi”, – deyə dövlət başçısı bildirib.