“Bu ilin ilk rübündə orta aylıq əməkhaqqında 11,4 faiz artım qeydə alınıb”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin bu il orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağının proqnozlaşdırıldığı barədə fikirlərini şərh edərkən “Trend”in suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq.
“2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqındakı artım tempi davam edir. Bu ilin ilk rübündə orta aylıq əməkhaqqı 11,4 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, bütövlükdə 2023-cü ilin növbəti aylarında əməkhaqqı artımlarının davam edəcəyini proqnozlaşdırırıq. Nəzərə alsaq ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 14,7 faiz artdı və bu ilin ilk ayından etibarən minimum əməkhaqqının artırılması ilə bağlı qərar və eləcə də bir sıra sektorlarda əməkhaqqının artırılması ölkə üzrə əməkhaqqına təsir göstərdi.
Bu baxımdan təbii ki, bizim də 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq. Ortaq aylıq əməkhaqqının artması bir tərəfdən fərqli sektorda çalışan vətəndaşlarımızın gəlirinin artması baxımından çox vacibdir.
Digər bir tərəfdən, pensiyaların indeksasiyalarında istifadə olunan rəqəmlərdir. Bu, o deməkdir ki, 2023-cü ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya olunaraq artırılacaq. Ona görə də əməkhaqqı artımları növbəti aylarda da davam edəcək”, – deyə V.Bayramov əlavə edib.
www.RIA24.az