“EU Reporter” saytında fransız fotoqraf Qreqori Erpin Qarabağda çəkdiyi fotoşəkillərdən ibarət sərgi ilə bağlı məqalə dərc olunub.
Caliber.az xəbər verir ki, məqalədə 30 illik erməni işğalı nəticəsində ərazidə böyük dağıntıların meydana gəldiyi və hazırda bərpa işlərinin aparıldığı bildirilir. Qeyd olunur ki, fransız fotoqraf Qreqori Erp Qarabağa səfər edib və Brüsseldə Avropa Parlamentində onun əsərlərindən ibarət sərgi keçirilib.
Materialda vurğulanır ki, Qreqori Erpin Qarabağda çəkilmiş fotolarında dramatiklik, qaranlıq və hətta gözəllik var.
Azərbaycanın Avropa İttifaqındakı səfiri Vaqif Sadıqov məlumat verib ki, fransalı fotoqraf minalanmış ərazilərə gedib. Səfir əlavə edib ki, şəkillərdə göstərilənlər Azərbaycanın tarixində heç də ən yaxşı dövr olmayıb, lakin “biz tariximizdən səhifələri qopara bilmərik”.
O xatırladıb ki, bir vaxtlar azərbaycanlılar Ermənistan əhalisinin 20%-ni təşkil ediblər, lakin etnik təmizləməyə məruz qalıblar. Hazırda onun dediyi kimi, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş “mürəkkəb və vacib danışıqlar prosesi” gedir.
Sərginin açılışında Latviyadan olan avropalı deputat Andris Ameriks iştirak edib. O, ötən il Qarabağa səfər etdiyini və dağıdılmış binaları və minalanmış sahələri, eləcə də işğaldan azad edildikdən sonra “evlərini yenidən quran insanları” öz gözləri ilə gördüyünü deyib.
Qeyd edək ki, fotolar bərpa işləri başa çatdıqdan sonra müharibənin nəticələrini gələcək nəsillərə xatırlatmaq üçün bir xatirə olaraq qalacaq.
www.RIA24.az