“Prezident seçkisindən sonra qarşılıqlı səfərlər Azərbaycan və Türkiyənin düşmənlərinə mesajdır” – RƏY + FOTO

Siyasət


“Prezident seçkisindən sonra qarşılıqlı səfərlərin edilməsi Türkiyə ilə bir-birimizə çox yaxınlığın göstəricisi və düşmənlərə mesajdır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri xalqlarımız arasındakı bağları daha da möhkəmlədib:

“Ölkələrimiz arasındakı münasibətlər böyük tarixi sınaqlardan çıxıb və özünü sözün əsl mənasında doğruldub. Amma bu gün Türkiyə ilə Azərbaycan heç vaxt olmadığı qədər bir-birinə yaxındırlar. Ölkələrarası münasibətlər dahi liderlərin müdrik kəlamları üzərində inkişaf edir. 30 il erməni işğalından əziyyət çəkən Azərbaycan qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi sayəsində işğala son qoydurub. Torpaqları işğaldan azad etmək heç də bütün məsələlərin həlli demək deyildi. Ermənistana havadardıq edənlər düşməni yenidən revanşizmə hazırlayaraq fürsət axtarışında idilər. Amma iki il əvvəl qardaş Türkiyə ilə Şuşada imzalanmış müttəfiqlik haqqında Bəyannamə bütün düşmənlərimizə verilmiş yetərli cavab oldu. Müharibənin başa çatdığı 2,5 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında Türkiyə yanımızda oldu. Bu dövrdə işğaldan azad olunmuş ərazilərə yenidən həyat gəlir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına yol açır”.

“Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Belə ki, Türkiyədə əsrin ən ağır faciəsi olan zəlzələ baş verəndə Azərbaycan hər kəsdən öncə Türkiyə xalqının yanında olub. Həm dövlət, həm də sadə vətəndaşlar yardımlar üçün səfərbər olmaqla xalqımız sarsılmaz qardaşlığını nümayiş etdirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilməli olan Türk Dövlətləri Təşkilatlarının dövlət başçılarının fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi və yardım fondunun yaradılması, o cümlədən 1 000 evlik yaşayış məntəqəsinin tikintisini həyata keçirmək təşəbbüsümüz zəlzələdən əziyyət çəkən türkiyəli qardaşların yanında olmağımızın nümunəsidir”, – o qeyd edib.

A.Badamov vurğulayıb ki, Türkiyədə keçirilən seçkilərdə də hakimiyyəti dəyişmək və dövləti zəiflətmək istəyən qüvvələr hərəkətə keçmişdilər:

“Azərbaycan xalqı seçkilərdə də türk xalqının yanında oldu, Türkiyənin qazandığı uğurların davam etdirilməsinə və yoluna davam etməsinə öz mənəvi dəstəyini nümayiş etdirdi. Seçkilərdə qazanılan uğurlu nəticələrə görə də Türkiyəni ilk təbrik edən və sevinci bölüşən məhz Azərbaycan olub. Prezident seçkisindən sonra Türkiyənin dövlət başçısının ilk xarici səfərini Azərbaycana etməsi böyük siyasi əhəmiyyət daşıyır. Dövlət başçılarımızın seçkilərdən sonra qarşılıqlı səfərlər etmələri ənənə halını alıb. Bu bir-birimizə çox yaxınlığın göstəricisi və düşmənlərə mesajdır. Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir can, bir ürək, bir ruhdur”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir