“Laçına yenidən ayaq basdığım üçün çox xoşbəxtəm”.
Bu sözləri “Report”a açıqlamasında Laçın sakini, birinci Qarabağ müharibəsi qazisi Ramin Abdullayev deyib.
“Bu günü səbirsizliklə gözləyirdim. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Əmin idim ki, torpaqlarımız azad olunacaq”, – o vurğulayıb.
R.Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin ordu quruculuğundakı islahatları, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi öz bəhrəsini verib:
“Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız azad edildi. Bu gün Laçına qayıdıb yurdumuza qovuşmuşuq. Bütün vətən həsrəti çəkənlərin də tezliklə bu hisləri yaşamasını arzu edirəm”, – R.Abdullayev qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə – 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə – 97 nəfər köçürülmüşdü.
www.RIA24.az