Ukraynanın İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına 12 saylı liseyin şagirdləri Bakıda səfərdədirlər.
“Report” xəbər verir ki, ukraynalı məktəblilərin Azərbaycana səfərinin məqsədi ölkəmizin mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaqdır.
Onlar bu gün Bakı Ali Neft Məktəbinin kampusunda olublar.
İrpen liseyinin direktoru Valentina Antonenko bildirib ki, Bakı Ali Neft Məktəbi haqqında çox yüksək təəssüratları yaranıb.
O qeyd edib ki, bu məktəbin çox zəngin maddi-texniki bazası mövcuddur:
“Düşünürəm ki, məhz belə universitetlərdə bizim uşaqlarımız təhsil almalıdır. Burada tədris edən insanlar da çox xoşdurlar. Bir daha əmin oldum ki, Azərbaycan hökuməti gənclərin normal şəraitdə təhsil alması üçün qayğı göstərir. Bunun üçün də onların tədris alması və tədris prosesinin yüksək səviyyədə keçməsi üçün bütün şəraiti yaradırlar”.
V. Antonenko bildirib ki, bu ali təhsil ocağında oxuyan bütün tələbələr bu universitetin yaradılmasında əməyi olan insanlara belə şəraitin yaradıldığı üçün minnətdar olmalıdırlar.
O düşünür ki, belə ali məktəblərdə təhsilin səviyyəsi nəticədə yüksək olur: “Çünki oxumaq üçün bütün şərait yaradılıb. Tələbələr burada yüksək nəticə göstərməlidirlər”.
İrpen məktəbinin şagirdi Mariya Slava bidirib ki, o, ilk dəfədir Bakıdadır və Bakı onun çox xoşuna gəlib:
“Bakı və Azərbaycan haqqında təəssüratlarım çox yüksəkdir. Ancaq bir şey xoşuma gəlmədi ki, bura çox istidir. Biz belə bir havaya öyrəşməmişik və bizim üçün belə hava çox istidir. Universitet isə çox möhtəşəmdir. Bakıya bir də gəlmək istəyərdim”.
Xatırladaq ki, İrpen şəhərinin Zərifə Əliyeva adına 12 saylı liseyinin şagirdləri bu gün həmçinin SOCAR-ın Neft Muzeyi və Azərbaycan-Britaniya Kollecini ziyarət ediblər.
Qeyd edək ki, səfər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Səfər Azərbaycanın Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi olan “SOCAR Ukraine” şirkətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşıb.
Ukraynalı məktəblilər Bakıda səfərləri çərçivəsində İçərişəhərdə gəzintiyə çıxıblar, “köhnə şəhər”in görməli yerləri ilə tanış olublar. Daha sonra ukraynalı şagirdlər Bakıdakı Akademik Zərifə Əliyeva adına liseydə olublar. Onlar ölkəmizin mədəniyyəti və adət-ənənələri ilə tanış olur, təhsil ocaqlarına və mərkəzlərinə baş çəkirlər.
www.RIA24.az