“Ümummilli lider Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna rolu olub. Onun aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb”.
Oxu.Az-ın məlumatına görə, bunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, ümummilli liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində ölkədə aqrar sahənin inkişaf istiqamətlərini müəyyən edən kompleks sənəd hazırlanıb, “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” tarixi qərar qəbul edilib:
“Bu sənəd respublikada kənd təsərrüfatının inkişafı üçün konkret vəzifələri və tədbirləri müəyyən edən strateji sənəd – fəaliyyət proqramı idi. Qəbul olunan sənəd əsasında ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, çayçılığın və heyvandarlığın inkişafı üçün proqramlar hazırlanıb, bitkiçilik və heyvandarlıq sahələrinin regionlar üzrə ixtisaslaşmasının əsası qoyulub. Bununla da Azərbaycanda günümüzə qədər davam edən aqrar sahənin dayanıqlı inkişafının təməl prinsipləri müəyyənləşib.
Qeyd olunan fəaliyyət proqramının üzərindən 60 ilə yaxın vaxt keçsə də, aqrar sahənin dinamik inkişafı üçün Heydər Əliyevin müəyyən etdiyi həmin vəzifələr, yəni – aqrar sahəyə investisiya qoyuluşlarının artırılması, kənd təsərrüfatı texnikasının əsas növləri, mineral gübrələr və pestisidlərlə təminat, aqrar sahənin ixtisaslı kadrlarla təminatı, kənd təsərrüfatının elmi təminat bazasının gücləndirilməsi hələ də aktuallığını qoruyan çağırışlardandır. Sovet İttifaqı dönəmində “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında”, “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” qərarların qəbulu, kənd təsərrüfatında idarəetmə institutlarının gücləndirilməsi aparılan ən uğurlu islahatlar sayılmalıdır”.
Nazir qeyd edib ki, müstəqillik dövründə də ümummilli lider Heydər Əliyevin əsas diqqət ayırdığı sahələrdən biri məhz kənd təsərrüfatı olub:
“Məhz onun təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə torpaq islahatı həyata keçirilib. Dövlət mülkiyyətində olan torpaqların vətəndaşların şəxsi mülkiyyətinə verilməsini nəzərdə tutan bu islahatlarla yeni yaranmış müstəqil respublikanın iqtisadi təhlükəsizliyinin, ərzaq və qida təhlükəsizliyinin əsasları formalaşdırılıb”.
İlhamə Əbülfət
www.RIA24.az