“Ulu öndərin hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir” – RƏY + FOTO

Siyasət


“Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan bu gün 30 il ötür. Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev bildirib.

O, ulu öndərin özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və uzaqgörənliyi ilə 90-cı illərin əvvəlində ölkədə böhrana son qoyduğunu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdiyini vurğulayıb.

Q.Nuriyev xatırladıb ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçilərək xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb:

“Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub, yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib”.

Qüdrət Nuriyev

Federasiya rəhbəri vurğulayıb ki, bu gün ulu öndərin həm daxili, həm də xarici siyasəti Müzəffər Ali Baş Komandan, tarix yazan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük müharibə, hazırda bütün istiqamətlərdə həyata keçirilən “Böyük Qayıdış” siyasəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bu kimi mühüm layihələr Azərbaycanı nəinki regionun, hətta dünyanın güclü və sayılan dövlətləri sırasına daxil edib. Bu gün böyük qürurla deyə bilirik ki, Prezident İlham Əliyevin apardığı siyasət gələcəyin daha güclü Azərbaycanına hədəflənib. Bütün sahələrə olan dövlət qayğısı ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb. Bu məqamda dövlətin idmana olan diqqətini və qayğısını xüsusi vurğulamaq istərdim. Azərbaycan dövləti idmanı inkişaf etdirməklə ölkədə sağlam nəsil yetişdirmək, gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq məqsədini hədəfləyib. Azərbaycan Alpaqut Federasiyası da bu sahənin inkişafı üçün mühüm addımlar atır. Son illər federasiyaya üzv olan idmançıların sayı artıb və yeni idman zalları istifadəyə verilib. Paytaxt Bakıda Alpaqut üzrə keçirilən dünya çempionatı ölkəmizdə idmanın bu növünə marağın daha da artmasına səbəb olub”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir