“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Çünki həmin gündən sonra Azərbaycan tənəzzüldən çıxaraq, müstəqil siyasət həyata keçirən dövlət kimi tanınır”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib.
Onun sözlərinə görə, 1991-ci ilin oktyabrında müstəqilliyimiz elan olunsa da, kağız üzərində qalıb:
“Bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranması, özbaşınalığın hökm sürməsinə səbəb oldu. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Ali Sovetinin sədri seçilməsi və hakimiyyətə gəlişindən sonra ölkəmizin müstəqilliyi möhkəmləndi, bütün sahələrdə dirçəliş baş verdi.
Vətənini sevən, çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin müstəqilliyimizin xeyrinə başa çatmasından xəbər verən tarixdir.
Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Vəziyyətdən səbirlə çıxan ulu öndər Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. Daha sonra Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı”.
İ.İsmayılov bildirib ki, 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı:
“Məhz bu mərhələdən sonra xalq sakit həyat tərzi sürməyə başladı. 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması enerji təhlükəsizliyinin təməli qoyuldu”.
Deputat qeyd edib ki, hazırda ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiqləyib. Vətən müharibəsində qazanılan möhtəşəm zəfər məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir.
Bu gün Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlara səfər edir, yeni-yeni binaların tikilməsi üçün təməllər atır. Qazanılan bu qələbələr Azərbaycanın müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasına səbəb olur”.
www.RIA24.az