Baxmut uğrunda döyüşlər, Fransada vəziyyət, Parisin Azərbaycana münasibəti – Arsen Sabaneyevlə MÜSAHİBƏ + FOTO

Siyasət


Son məlumatlara görə, Fransada 17 yaşlı ərəbəsilli gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşların vurduğu ziyan artıq bir milyard avronu keçib. Bu hələ turizm sənayesindəki itkilərin nəzərə alınmadığı halda belədir. Fransa Prezidenti Emmanuel Makron tezliklə ölkədə fövqəladə vəziyyət qanununun tətbiq ediləcəyini bildirib. Bundan əlavə, o, hökumətə iğtişaşların səbəblərini ətraflı şəkildə araşdırmağı tapşırıb.

Oxu.Az-ın bugünkü qonağı Ukraynada cəbhə xəttində vaxtaşırı “Hospitalyorlar” tibb batalyonunun tərkibində Ukrayna Silahlı Qüvvələrinin və mülki əhalinin həyatını xilas edən fransalı könüllü, anestezioloq Arsen Sabaneyevdir. O, Fransadakı vəziyyətdən, Baxmutda gedən döyüşlərdən (ötən ilin sonunda orada idi) və Parisin Azərbaycana münasibətindən danışıb.

– Hər kəs, hətta iyunun 27-də başlayan iğtişaşların səbəblərini guya anlamayan və buna görə də hökumət üzvlərinə bunun araşdırılmasını tapşıran Prezident Emmanuel Makron da Fransada baş verənlərlə maraqlanır. Necə düçünürsünüz, bu hadisələrin səbəbi nədir?

– Mən Fransaya 25 il əvvəl gəlmişəm. Ovaxtkı və indiki vəziyyət eynidir. Mən Məğrib ölkələrindən olan insanların yaşadıqları böyük şəhərlərin periferik məhəllələrini nəzərdə tuturam. Yeri gəlmişkən, onlara miqrant demək olmaz, onlar (bəziləri artıq bir neçə nəsildir) Fransa vətəndaşlarıdır. Təbii ki, onlar xuliqanlıq etməyi, etiraza çıxmağı xoşlayırlar. Bu, nə ilk, nə sonuncu dəfədir, 2005-ci ili xatırlamaq kifayətdir.

Amma düzünü deyim ki, Ukraynadakı müharibə fonunda bu məni çox da maraqlandırmır.

– Bir çox analitiklər deyirlər ki, Fransada mövcud vəziyyətin səbəblərindən biri də Makronun zəifliyi ilə bağlıdır. Bu, qərarsızlıq şəklində ifadə olunur, həmçinin, təkcə daxili vəziyyətə deyil, həm də Rusiyanın Ukraynaya təcavüzünə, orada gedən müharibəyə aiddir. Makronun, sadəcə olaraq, müntəzəm mövqeyi yoxdur.

– Belə bir məqam var. Amma vəziyyət daha mürəkkəbdir. Fransızların ciddi postmüstəmləkə kompleksi var. Söhbət hətta Fransanın zəifliyindən və ya gücündən də getmir. Fransızlar, həqiqətən, qorxurlar ki, Məğrib ölkələrindən olan ərəblərə və ya “Qara Afrika”dan (söhbət Afrika qitəsinin Saxara səhrasının cənubunda yerləşən hissəsindən gedir – red.) gələn insanlara qarşı bütün hərəkətlər irqçilik hesab olunacaq. Buna bənzər çıxışlar, iğtişaşlar istənilən Fransa prezidentinin dövründə ola bilər.

Başqa bir vacib detal – Fransada nəhəng “beşinci kolon” var, Rusiya narrativləri çox yaxşı işləyir. Yaxşı xatırlayıram ki, Krımın ilhaqı zamanı Moskvada müxbirləri olan Fransa mediası baş verən hadisələrlə bağlı rusiyalı ekspertlərin rəyini yayımlayırdı. Bu necə mümkündür? Kiyev Maydanından, Krımın Rusiya tərəfindən ələ keçirilməsindən işğalçının nöqteyi-nəzərindən çıxış edərək necə danışmaq olar?..

24 fevral 2022-ci ilə qədər bir çox fransız siyasətçilər hesab edirdilər ki, NATO, amerikalılar Rusiya Federasiyasını təhrik edirlər. Deməli, bizim rusiyapərəst qüvvələrimiz güclüdür. Fransız kəşfiyyat rəsmilərindən biri Fransada 5 000-ə yaxın rusiyalı agentin olduğunu bildirib. Bu, təbii ki, söhbət onların hamısının casus olmasından getmir, ölkənin informasiya gündəminə təsir edə bilənlər də nəzərdə tutulur.

– Mən Ukrayna mətbuatında Cənubi Qafqazdakı vəziyyətlə bağlı bir sıra nəşrlərə diqqət etdim. Makron birbaşa anti-Avropa siyasəti yürütməkdə, regionda sülh istəməməkdə, Qarabağda rusiyayönümlü separatizmi dəstəkləməkdə və s. ittiham olunur.

– İcazə verin, vəziyyəti Fransadan göründüyü kimi sizə izah edim. Dərhal da qeyd edim ki, bu, mənim fikrim deyil. Ermənistanla Azərbaycan arasındakı münaqişəni bir çox fransız səhvən müsəlmanlar və xristianlar arasında toqquşma hesab edir. Düşünməyən insanların çoxu üçün bu kifayət edir. Onlar əmindirlər ki, münaqişənin dini aspekti var, ona görə də Ermənistanı dəstəkləyirlər. Ancaq mən belə düşünmürəm.

Ermənistan axı rusiyayönümlü ölkədir. Qarabağ isə Ermənistanın ərazisi olmayıb və deyil. Amma bizim bəzi elitalar arasında siyasi maraq var və bu, yeri gəlmişkən, Ukraynaya da aiddir. Məsələn, Marin Le Pen (fransız siyasətçi, ifrat sağçı Milli Birlik Partiyasının lideri – red.) – rusiyayönümlü siyasətçidir. Fransadakı proseslər məni qorxudur. Mən qiyam və iğtişaşlardan danışmıram, amma növbəti seçkilərdə insanlar rusiyayönümlü namizəd Marin Le Penə səs verə bilərlər. Əgər o, prezident olarsa, məsələn, Ukrayna üçün bu, tam bir kabus olacaq.

– Bir az da Fransanın xarici siyasətindən və müstəmləkə keçmişindən danışaq. Məğrib ölkələri, “Qara Afrika” öz milli himnlərindən Fransaya müsbət xatırlatmaları çıxarmağa başladılar. Əlcəzair himninə isə əvvəllər silinmiş hissə qayıdıb: “O, Fransa! Həqiqətən, haqq-hesab günü gəldi, hazır ol və cavabımızı al!..”

– Bəli, bundan xəbərim var. Mənim anlayışıma görə, prezident ölkənin hara doğru getdiyini anlayan, əvvəlcədən, bəlkə də, 50, 100 il üçün plan quran, inkişaf baxışına malik olan adamdır. Makron isə texnokratdır, bankirdir. Pul haqqında çox şey bilir, onun üçün iqtisadiyyat elə puldur. Onun başqa dəyərləri var. Bundan əlavə, şəxsi fikrimi deyim – o, kifayət qədər gəncdir, övladı yoxdur. O, həm də siyasi cəhətdən yarımçıqdır. Onu Fransanın mövqeyi maraqlandırmır, yalnız ilin sonunda büdcənin üstəgəl işarəsi ilə olması daha vacibdir. Müstəmləkəçilik isə böyük bir səhv idi, bunun əvəzini Fransada indi biz ödəyirik.

– Gəlin Ukraynadakı işinizdən danışaq. Siz könüllüsünüz, tibb işçisisiniz. Nə ilə məşğul olursunuz? Tarixi vətəninizə – Ukraynaya necə kömək edirsiniz? Ukraynaya kömək edən fransızlar çoxdurmu?

– Ukraynada “Hospitalyorlar” batalyonunda könüllü kimi, həkim-anestezioloq kimi çalışmışam. Bir il ərzində dörd rotasiya ilə Ukraynada oldum. Keçən ilin noyabr-dekabr aylarında Baxmutda üç həftə qaldım. Biz, həmçinin, qeyri-öldürücü silahlar – teplovizor, dəbilqələr, avtomobillər, təcili yardım maşınları şəklində humanitar yardım göndərmişik. Ancaq fransızlar, əlbəttə ki, azdır. Mən iki fransız həkim tanıyıram ki, onlar da cəbhə xəttində işləyirlər. İsveçlilər, amerikalılar, finlər var, onların “Hospitalyorlar”la işləyən kiçik bir qrupu var.

Bir çox fransızlar müharibənin oyun kimi olduğunu, dərhal qəhrəman olacaqlarını düşünüb gəldilər. Amma müharibə oyun deyil.

– Müharibədən danışsaq, ən çox nəyi xatırlayırsınız? Aylarla ən ağır döyüşlərin getdiyi Baxmutu?

– Bəli, Baxmutda çox çətin idi. Gündə 100-dən 300-ə qədər yaralı olurdu, bəzilərinin vəziyyəti ağır idi. Bilirsiniz, qəribə səslənəcək, amma ən güclü təəssürat keçən ilin dekabrında Fransaya qayıtdıqdan sonra oldu. Ukraynada enerji infrastrukturu həmin vaxtlar hücuma məruz qalmışdı, elektrik enerjisi yox idi. Burada isə – Fransada, hələ tüstü və benzin iyi verən (bu, belə bir “müharibə qoxusu”dur) hərbi formamı soyunmamışdım, amma hər şeyin necə parıldadığını gördüm, hər yerdə bayram ab-havası, çıraqbanlıq idi. İnsanlar normal yaşayır, gəzintiyə çıxır və əslində, üçüncü dünya müharibəsinin başladığı Ukraynada nə baş verdiyini təsəvvür belə etmirlər… Və mən psixoloji şok yaşadım.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir