Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı mübarizədə vahid və sarsılmaz” mövzusunda keçirilən nazirlər iclasının yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində QH üzvü olan ölkələr nüvə güclərini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə çağırıblar.
“Report” sənədə istinadən xəbər verir ki, hərəkat iştirakçıları 2022-ci il avqustun 1-dən 26-dək Nyu-Yorkda keçirilən nüvə dövlətlərinin 10-cu İcmal Konfransında razılaşdırılmış yekun sənədin qəbul edilməməsindən təəssüfləndiklərini bildiriblər.
“Silahsızlaşdırma və beynəlxalq təhlükəsizlik sahəsində mövcud çağırışlarla bağlı davamlı narahatlığımızı bir daha bəyan edirik. Bu baxımdan, prinsipial mövqelərimizi təsdiqləyərək və nüvə tərksilahının hərəkatımızın ən yüksək prioriteti olaraq qaldığını bir daha vurğulayaraq, bu sahədə mövcud çıxılmaz vəziyyətin aradan qaldırılması üçün səylərin bərpasına çağırırıq”, – sənəddə qeyd edilir.
33 bənddən ibarət Bakı Bəyannaməsi BMT Nizamnaməsinin məqsədlərinə, prinsiplərinə və müddəalarına, habelə ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinə dair beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin sədaqətlə yerinə yetirilməsinə sadiqliyini ifadə edir.
Sənəddə qeyd olunur ki, bütün ölkələr digər dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, suveren bərabərliyinə, siyasi müstəqilliyinə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməli, daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməli, silahlı qüvvələrə qarşı güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməlidirlər.
www.RIA24.az