Ermənistanın Azərbaycana qarşı qaldırdığı növbəti əsassız iddiaya beynəlxalq səviyyədə rədd cavabı verilib. Avropanın ən ali məhkəmə orqanı – Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) hesab edib ki, Azərbaycanın Ermənistanla sərhəddə “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın qaldırdığı vəsatətin heç bir əsası yoxdur. Qeyd edək ki, rəsmi İrəvan müraciətində iddia etmişdi ki, Azərbaycanın 2023-cü il mayın 12-də “Laçın” sərhəd-buraxılış məntəqəsini yaratmaq qərarı qanunsuzdur. Bu səbəbdən də vəsatətlə məhkəməyə müraciət etmişdi.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışladıqlarını vurğulayan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, məhkəmənin qərarı yekdil olub. XİN isə bəyan edib ki, Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır.
“Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi mənasız cəhddən başqa bir şey deyil”, – nazirliyin bəyanatında vurğulanıb. Bildirilib ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratmaq qərarı ölkənin suveren hüquqlarına daxildir:
“Bu, ərazimizə qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin dayandırılması zərurətindən irəli gəlirdi. Bundan başqa, sərhəd-buraxılış məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə davam edir”.
Beləliklə, Azərbaycana qarşı dəfələrlə ədalətsiz qərarların qəbul ilə yadda qalan Beynəlxalq Ədalət Məhkəməsi bu dəfə ədalətli qərar verərək, Ermənistanın iddiasını rədd edib. Görünür, Beynəlxalq Ədalət Məhkəməsinin qəlbində nəhayət ədalət hiss baş qaldırıb. Çox güman ki, məhkəmə bu qərarı qəbul edərkən Ermənistan tərəfinin təqdim etdiyi “fakt”ları araşdırıb və heç bir qanun pozuntusu üzə çıxara bilməyib. Bəlli olduğu kimi, ermənilər və havadarlarından başqa heç bir təşkilat, yaxud dövlət Qarabağda yaşayan ermənilər üçün hansısa bir problem yaşandığını ortaya qoya bilməyib. Rəsmi Bakı bununla bağlı dəfələrlə müxtəlif kadrlar, o cümlədən videogörüntülər təqdim edib. Xəstələrin, ahıl insanların daşınması üçün bütün zəruri vasitələrin təqdim edildiyi vurğulanıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiətilə “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib. Sadəcə, onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
İndi isə Beynəlxalq Ədalət Məhkəməsi kimi mötəbər bir qurum da ermənilərin iddiasının və ortaya qoyduqları “arqument”lərin əsassız olduğu qənaətinə gəlib. Məhkəmənin gəldiyi bu qənaətin, şübhəsiz ki, mühüm beynəlxalq nəticələri olacaq. Məhkəmə Ermənistan və onun havadarlarını fakt qarşısında qoyub. Ümid etmək olar ki, bu qərardan sonra həmin qüvvələr və dövlətlərin mövqeyində dəyişikliyin şahidi olacağıq.
Eyni zamanda, məhkəmənin qərarı ermənilər arasında növbəti ruh düşkünlüyü yaradacaq və onların bu dəfə hədəfi Beynəlxalq Ədalət Məhkəməsi olacaq.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi ötən ilin oktyabrında da “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az