Vəkillər Kollegiyası Elçin Sadıqovla bağlı AÇIQLAMA yaydı

Siyasət


İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Elçin Sadıqovun və digər iki vəkilin peşə fəaliyyətlərini həyata keçirərkən yol verdikləri intizam pozuntularında Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan onlar barəsində Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 8-ci bəndinə əsasən məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub.

Bu barədə Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin yaydığı açıqlamada deyilir.  

Qeyd edilir ki, Vəkillərin İntizam Komissiyasının fəaliyyəti “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanunvericiliyə və beynalxalq təcrübəyə uyğun təşkil olunub:

“Belə ki, 2017-ci ildə Rəyasət Heyətində seçkilər və dəyişiklikdən sonra “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) davranış qaydaları əsasında hazırlanıb. Daha sonra, Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) və CCBE-nin əlavə təklifləri də nəzərə alınmaqla, vəkillərin ümumi yığıncağında (konfrans) bu Əsasnaməyə müvafiq dəyişikliklər edilib.

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə ilə bağlı məsələ məhkəmə qərarı əsasında həll edildiyindən, həmçinin vəkillərin işgüzar nüfuzunu nəzərə alaraq fəaliyyətləri dayandırılaraq barələrində məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul olunmuş vəkillərin kimliyi barədə məlumatlar Kollegiya tərəfindən, bir qayda olaraq açıqlanmır.

Vəkil Elçin Sadıqovla bağlı məlumatlar isə artıq onun özü tərəfindən ictimailəşdirildiyindən, Kollegiya bu məsələ ilə əlaqədar aşağıdakıları qeyd edir:

Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müvafiq müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb.

Komissiya vəkil Elçin Sadıqovun publik açıqlamasını və toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlib ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar onun tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin müvafiq maddələrinin tələbləri pozulub.

Belə ki, Elçin Sadıqov “Baku Steel Company” şirkətinin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən müraciətdə qeyd olunan hallara dair publik qaydada – “… O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi dörd gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim”; “… Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi” – məzmununda paylaşım edib.

Bununla vəkil Elçin Sadıqov özünün etdiyi etirafa əsasən, qeyri-qanuni vasitəçiliyə əl ataraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olaraq jurnalistə etdiyi qeyri-rəsmi və qanunsuz ödəniş müqabilində müştərisi barədə publik çıxışların dayandırılmasını tələb edib.

Belə ki, həmin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən, vəkillər öz fəaliyyətlərində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdirlər. Lakin göründüyü kimi, vəkil Elçin Sadıqov qanunvericiliyə zidd olaraq öz fəaliyyətində qanunsuz, vəkil etikasına zidd olan üsul və vasitələrdən istifadə edib. Halbuki, Əsasnamənin 2.10-cu bəndinə əsasən, peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır”.

Vəkillər Kollegiyasından bildirilib ki, vəkil Elçin Sadıqovun Kollegiyadan xaric olunması ilə bağlı qərar vəkil kimi icraatında olan digər işlərlə deyil, məhz bu məsələ ilə bağlı yol verdiyi ciddi qanun pozuntusu ilə birbaşa əlaqəlidir.

“Eyni zamanda bildirmək istərdik ki, qeyd olunan hallarla bağlı vəkil Elçin Sadıqovun barəsində hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işinin mövcudluğu məlumdur. Amma Vəkillər Kollegiyasının araşdırdığı məsələlərin əməlin cinayət olub-olmaması, əmələ bu nöqteyi-nəzərdən hüquqi qiymətin verilib-verilməməsi ilə hər hansı bir bağlılığı yoxdur. Çünki Vəkillər Kollegiyasında aparılan intizam icraatı əmələ məhz etik çərçivədən qiymət verməyə yönəlir ki, bu da öz növbəsində etik qaydada olan məsuliyyətin cinayət, yaxud digər məsuliyyətlərə təsir edəcək bir gücdə olmaması deməkdir. Odur ki, barəsində intizam icraatı aparılan vəkillə bağlı hansısa qurum tərəfindən cinayət işinin aparılması, hətta sözügedən cinayət işi araşdırılan intizam işində olan əməllərlə bağlı olsa belə, intizam icraatının araşdırılmasına, rəy verilməsinə və həmin rəyə əsasən onun barəsində VK RH tərəfindən müvafiq qərar qəbul edilməsinə maneə deyil və qeyd olunanlar heç bir halda vəkilin peşə məsuliyyətinə cəlb olunmasını istisna edən halı təşkil etmir.

Vəkil Elçin Sadıqovun göstərilən xüsusatları yaxşı bildiyi halda cəmiyyətə və KİV-də Vəkillər Kollegiyasının qanunla tənzimlənən fəaliyyəti olan intizam icraatının guya əsassız və qanunsuz aparılması barədə tamamilə yanlış, qərəzli və əsassız fikirlər bildirməsi təəssüf hissi doğurur. Ehtimal olunur ki, Elçin Sadıqov bunu özünü müdafiə etmək və cəmiyyətdə onun “təqib qurbanı” obrazının formalaşması məqsədilə edib.

Həmçinin, bəzi kütləvi informasiya vasitələrində vəkil Elçin Sadıqovun bəyanatına istinadən Eynulla Fətullayevin məsələ ilə bağlı maraqlı olmayan şəxs kimi çıxış etməsi və bu səbəbdən Vəkillər Kollegiyasının həmin müraciəti araşdırmaqdan imtina etməli olması ilə əlaqədar yazılar dərc olunub. Bunlara münasibətdə bildirmək istərdik ki, əvvəla, Rəyasət Heyətinin vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanılması və araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə müvafiq qərarı mövcuddur. Digər tərəfdən, hər bir fiziki və hüquqi şəxs onlarla birbaşa əlaqəli olmasa belə, vəkillərin peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar davranışlarında yol verdikləri pozuntu halları ilə bağlı Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər. Vəkillər Kollegiyasının təcrübəsində də indiyədək belə qəbildən olan müraciətlərin araşdırılaraq müvafiq qərarların qəbul edilməsi halları olub”, – açıqlamada qeyd olunur.

VK-dan o da bildirilib ki, bunlardan başqa, vəkil Elçin Sadıqov İntizam Komissiyasının və Rəyasət Heyətinin iclaslarında iştirak etməsi üçün dəfələrlə lazımi qaydada məlumatlandırılıb:

“Amma buna baxmayaraq o, heç bir iclasda iştirak etməyib. Xüsusilə vurğulamaq istərdik ki, İntizam Komissiyasının müvafiq iclası ilə bağlı bildirişin mətni Elçin Sadıqov tərəfindən sosial şəbəkədə dərc edilib. Bu da onun lazımi qaydada məlumatlandırıldığını və iclaslar barədə məlumatlı olmasını bir daha təsdiq edir.

Habelə, bildirmək istərdik ki, VKRH-nin sözügedən qərarı ilə vəkil E.Ə.Sadıqova 06.07.2023-cü il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan bütün işləri yekunlaşdırmağa icazə verilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha bildirir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna görə vəkilin Kollegiya üzvlüyünə xitam verilməsi ölkədaxili məhkəmənin araşdırmasına və səlahiyyətinə daxildir. Bu səbəbdən hər bir maraqlı şəxs tərəfindən məsələ ilə bağlı məlumatlar paylaşılarkən dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan və təhrif olunmuş xəbərlərin yayılmasından çəkinilməlidir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir