“Azərbaycan ərazisində humanitar missiyanı BQXK-nın Bakı ofisi həyata keçirməlidir” – ŞƏRH + FOTO

Siyasət


“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) erməni bürosunun qanunsuz əməlləri bundan öncə də bir neçə dəfə aşkarlanıb, xəbərdarlıqlar olunub. Buna baxmayaraq, BQXK səlahiyyətliləri yenə də qanunsuz əməllərini davam etdirirlər”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin rəhbəri İlqar Hüseynli deyib. O qeyd edib ki, BQXK insan həyatı və sağlamlığının qorunması, münaqişə qurbanlarının müdafiəsi, onlara humanitar məqsədli göstərilməsi ilə məşğul olmalıdır:

“Bu, beynəlxalq missiya yaranarkən onun fəaliyyətini formalaşdıran beynəlxalq normadır. Əgər ardıcıl olaraq BQXK-nın məsul şəxslərinin fəaliyyətlərinin icrası zamanı sui-istifadə halları müşahidə olunursa, Ermənistandan Azərbaycana silah-sursat, qaçaqmalçılıq məhsullarının daşınmasını həyata keçirirlərsə, bütün bunlar qanunsuz əməllərdir. Belə faktlar BQXK-nın beynəlxalq səviyyədə müəyyən edilmiş missiyasının əleyhinədir. Azərbaycan hökuməti haqlı olaraq birtərəfli qaydada sərhəd-keçid məntəqəsini bağlamaqla əlaqədar qərar qəbul edib.

Eyni zamanda, BQXK-nın əməlləri haqqında beynəlxalq hüquq prinsipləri çərçivəsində qurumun baş ofisinə, BMT strukturlarına dövlət orqanlarımız tərəfindən konkret məlumatlar verilməli, hesabatlar tələb olunmalıdır. Sui-istifadə hallarının qarşısının alınması ilə bağlı tələblər, bu transsərhəd cinayət əməlini törədən BQXK əməkdaşları cəzalandırılmalıdırlar. Korrupsiya və Ermənistan tərəfindən verilən vədlər, rüşvət qarşılığında bu əməllər həyata keçirilirsə, həmin əməkdaşlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu istiqamətdə Azərbaycan vətəndaş cəmiyyəti də addımlar atmalıdır.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan ərazisində humanitar məqsədləri BQXK-nın Bakı ofisi həyata keçirməlidir. Çünki Azərbaycanda qurumun ofisi ola-ola Azərbaycan ərazisinə başqa ölkədəki nümayəndəliyin gəlməsi düzgün deyil”.

Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir