Bu gün Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ bölgəsində yol verdiyi qanunsuzluqlarla bağlı məlumat yayıb. Bəlli olub ki, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək bölgədə faktiki qaçaqmalçılıqla məşğul olublar. Bu ifşaedici məlumatdan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi Laçın yolu ilə Xankəndiyə qanunsuz daşımaları etiraf edən məlumat yayıb. Azərbaycanın təşkilatın Qarabağda biabırçı fəaliyyəti ilə bağlı təqdim etdiyi faktlardan sonra tələm-tələsik hazırlanan məlumatda etiraf edilib ki, bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardırlar və ardınca da iddia edilib ki, komitə belə fəaliyyətləri dəstəkləmir.
O da qeyd olunub ki, bütün humanitar yüklər Azərbaycanın gömrük orqanları tərəfindən yoxlanılır: “Lakin təəssüf ki, icarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.
Necə olur ki, özünü nüfuzlu qurum kimi qələmə verən BQXK onun loqosu altında avtomobillərin hərəkətinə icazə verir və yaxud qanunsuz əməllərinə göz yumur?! Qurumun rəsmi emblemi olan maşın kolonları bəyan edilməyən qanunsuz yüklə Laçın yolundan keçir, komitə isə qeyd edir ki, bundan xəbəri yoxdur. Əgər üzərinizə götürdüyünüz öhdəliyi yerinə yetirə bilmirsinizsə, o zaman bölgəni tərk etsəniz, daha məqsədəuyğun olardı. Belə çıxır ki, istənilən şəxs BQXK-nın loqosunu avtomobillərinə vurub Laçın yolundan keçə bilər?
Analoqu olmayan bu məlumat təşkilatın tam şəkildə ermənilərin və havadarlarının nəzarəti altında olduğunu, bədnam qonşularımız tərəfindən maliyyələşdiyini üzə çıxarır. Əks təqdirdə, nədən onlar bu cür fəaliyyətə yol verməkdə maraqlı olsunlar?! Şübhəsiz ki, bunların arxasında böyük maliyyə və yaxud Azərbaycana qarşı qərəz durur. Dəstəkçiləri də tək ermənilər deyil. Ermənistanın qərbdəki və Rusiyadakı havadarları onlara yaxından dəstək verir.
Maraqlıdır ki, nümayəndəliyin yaydığı xəbərdə o da iddia olunub ki, BQXK-nın Laçın yolu boyu gördüyü işlər yalnız humanitar xarakter daşıyır. İddia edilib ki, 600-dən artıq pasiyentin tibbi təxliyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir.
Amma BQXK-nın missiyası bu deyil. Dövlət Sərhəd Xidmətinin də yaydığı məlumatda bildirilib ki, Ermənistan Respublikası ilə dövlət sərhədində Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb. Onlar müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Qaçaqmalların komitəyə məxsus nəqliyyat vasitələri ilə daşınması təşkilatın fəaliyyətinə şübhələri artırır, bu isə daşımanı həyata keçirən həmin adamlarla BQXK-nın yerli əməkdaşları arasında cinayətkar işbirliyinin olduğunu təsdiqləyir. Bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir.
BQXK-nın anti-Azərbaycan fəaliyyəti tək bu insidentlə yekunlaşmır. Dəfələrlə bu və buna bənzər faktların şahidi olmuşuq. 44 günlük İkinci Qarabağ müharibəsində və ondan əvvəl bu təşkilatın ermənilərə birtərəfli qaydada yardım etdiyi də sirr deyil. Təşkilatın Azərbaycana qarşı münasibəti əzəldən ikili standartlara əsaslanıb. Humanistlik adı altında xristian təəssübkeşliyi göstərməklə beynəlxalq normaları pozaraq düşmənə hərtərəfli dəstək göstəriblər. Bu səbəbdən də onun (BQXK-nın İrəvan ofisi – red.) Azərbaycan ərazilərində fəaliyyətinə son qoyulmalıdır.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az