Diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimatı olub – FOTO

Siyasət


Azərbaycanda səfərdə olan diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, dünyanın 20-dən çox ölkəsini təmsil edən diaspor təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Ana dili – Azərbaycan məktəbi”nin xaricdə yaşayan həmvətənlərimiz arasında təbliğinə həsr olunub.

Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.

Təqdimat mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə layihə haqqında məlumat verib:

“Bu layihə ilə məqsədimiz Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliğidir”.

O bildirib ki, layihədə iştirak tamamilə pulsuzdur və layihə iştirakçılarına onlayn şəkildə dərslər keçiriləcək:

“Layihədə iştirak edən müəllimlər kifayət qədər təcrübəli, həmçinin ingilis və rus dillərini bilən şəxslərdir. Belə ki, ana dilimizin öyrənilməsi zamanı hər hansı problemlər olarsa, fərqli dilləri də kifayət qədər yaxşı bilən müəllimlər həmin problemləri rahatlıqla aradan qaldıra biləcəklər”.

Daha sonra “Ana dili – Azərbaycan məktəbi”nin məzmun üzrə rəhbəri İlahə Hacıyeva layihə ilə bağlı tədbir iştirakçılarına virtual məktəbin fəaliyyəti, proqramın məzmunu və digər vacib məsələlərlə bağlı ətraflı məlumat verib:

“Bu layihə ana dilimizin qorunması və inkişafı ilə bağlıdır. Layihəmizin fərqi daha geniş coğrafiyanı nəzərdə tutmasıdır. Yaşadığı yerdən asılı olmayaraq şagirdlər onlayn şəkildə ana dilimizi öyrənə biləcəklər”.

İ.Hacıyeva vurğulayıb ki, dərslər, “əylənək-öyrənək” prinsipinə əsaslanır:

“Sinifdə 10-15 şagirdin olması nəzərdə tutulur. Sonda isə onlara sertifikatlar təqdim olunacaq”.

Tədbirdə, həmçinin layihə rəhbərləri diaspor təşkilatları rəhbərlərinin suallarını cavablandırıblar.

Xatırladaq ki, “Ana dili – Azərbaycan məktəbi”nin tədris proqramı üç yaş qrupu üçün üç səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. 2023-24-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslərə bu ilin 15 sentyabr tarixindən başlanılacaq. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə iki-üç dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.

Qeyd edək ki, iyulun 7-dən etibarən başlayan qeydiyyat prosesi 12 avqust 2023-cü il tarixinədək http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir