Rusiyalı ekspert: Azərbaycan özünün bölgədəki lider statusunu möhkəmləndirir

Siyasət

Ötən gün məlum oldu ki, Rusiya Azərbaycan ərazisindən Ermənistana qaz nəql edəcək. Bu, yeni reallıqlara uyğundur. Lakin İrəvanda bu məsələyə ehtiyatla yanaşılır. Niyə? Bunu heç kim izah edə bilmir.

Rusiya Dövlət Humanitar Universitetinin postsovet ölkələri kafedrasının dosenti, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, tarix elmləri namizədi Aleksandr Quşin Caliber.Az-a açıqlamasında sözügedən məsələyə aydınlıq gətirib.

Müsahibimiz qeyd edib ki, Ermənistanda ötən il baş verən müharibənin nəticəsində mürəkkəb daxili siyasi vəziyyət var:

“Ümumilikdə erməni cəmiyyəti, elitası, həmçinin ekspert ictimaiyyəti geosiyasi prioritetlər məsələsi də daxil olmaqla çox kəskin şəkildə bölünüb. Biz dəyirmi masada nəqliyyat dəhlizləri, Cənubi Qafqaz dəmir yolu, üçtərəfli və ya dördtərəfli layihələrdən danışdıq. Əvvəllər belə bir konfiqurasiya yox idi.

Ancaq bu əlaqələrin qurulması bölgənin qarşılıqlı birgə inkişafı üçün impuls rolunu oynaya bilər. Tərəflər, əlbəttə ki, bunun bir-iki il məsələsi olmadığını başa düşürlər. Bir çox ziddiyyət var, amma əməkdaşlığın alternativi yoxdur. Regionlaşma inkişafın impulsu rolunu oynayır və müasir tendensiyaya çevrilir. Bu, yalnız Cənubi Qafqaza deyil, digər bölgələrə də aiddir”.

Rəsmi Bakının kommunikasiyaların açılmasının bölgədəki bütün ölkələrə fayda gətirəcəyinə və Azərbaycanın İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu istiqamətdə ardıcıl siyasətinə münasibət bildirən ekspert, bunun Azərbaycan rəhbərliyinin kursu olmaqla ölkənin coğrafi mövqeyi, tranzit və ixrac imkanlarından irəli gəldiyini vurğulayıb:

“Azərbaycan üçün daha da böyük perspektivlər açılır. Bunların sırasına hər hansı bir ölkənin tam təsir dairəsinə düşməmək üçün müəyyən təhlükəsizlik zəmanətləri də daxildir. Aydındır ki, Azərbaycan bacarıqlı çoxvektorlu siyasət aparır. Eyni zamanda, ölkə demoqrafik üstünlüyə, resurs və intellektual potensiala malikdir. Azərbaycanın regiondaxili lider statusunu möhkəmləndirmək və regionun əsas dövləti olmaq üçün hər cür şəraiti mövcuddur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir