İraq Kürdüstan Regionu başçısının səfəri: Azərbaycan-Türkiyə birliyinin daha bir nümunəsi – ŞƏRH + FOTO

Siyasət


Azərbaycanla İraq arasında tarixi-mədəni, etnik və dini bağlar bu gün də qalır. İraqda baş verən bir sıra dəyişikliklər iki ölkə arasında münasibətlərin güclənməsini daha da aktuallaşdırıb. Bu ölkəni Azərbaycanla bağlayan əsas amillərdən biri də 34,7 milyonluq İraq əhalisinin (2013-cü ilin məlumatına əsasən) üç milyonunu təşkil edən türkmanlardır. Kərkük, Mosul və başqa şəhərləri Azərbaycanda tanımayan az olar. Təbriz, Urmiya, Ərdəbil kimi bu şəhərlər də Azərbaycan üçün doğmadır.

İraqın şimalında Kürdüstan Regional hökumətinin yaranması ölkəyə münasibəti dəyişməyib. Türkiyənin bu yerli hökumətlə əlaqələri də rəsmi Bakının bölgə ilə əlaqələri genişləndirməsinə təkan verir.

İyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana işgüzar səfər edib.

Prezident İlham Əliyevin Neçirvan Bərzani ilə təkbətək görüşü olub. Görüşdə İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Həmçinin, Münhendə keçirilən görüşdən də bəhs edilib.

Qeyd edək ki, fevralın 18-də Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşmüşdü. Onda Prezident Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq bu çərçivədə Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini demişdi. Dövlət başçısı onda qeyd etmişdi ki, İraq Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var:

“Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin, biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar”.

Yeri gəlmişkən, Türkiyə ilə Region hökuməti arasında əməkdaşlıq 2002-ci ildən mövcuddur. Əvvəlki illərlə müqayisədə tərəflər arasında ticarət əlaqələrinin həcmi 900 faiz artıb. Türkiyə İraqa ixracatının 80 faizini Regiona edir. Habelə bölgədə istehlak olunan malların 80 faizi də Türkiyə istehsaldır. İraqın şimalındakı bu bölgədə onminlərlə Türkiyə vətəndaşı işləyir. Məlumatlara əsasən, Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə inteqrasiya olan bu əlaqələr bölgənin inkişafında faydalı olub.

İraqın şimalındakı regional hökumətin gündəlik hasil etdiyi 600 min barel neft ixracatının, demək olar ki, hamısı Türkiyənin Ceyhan limanı ilə reallaşdırılır.

Bu kimi əlaqələr və əməkdaşlıq Azərbaycanla da Regional hökumət arasında münasibətlərin genişlənməsinə imkan verir. Onu da qeyd edək ki, Azərbaycan İraq Kürdüstan Regionunun mərkəzi şəhəri Ərbildə Baş Konsulluq açmaqda maraqlıdır. Bu, bölgəni Azərbaycana daha da yaxınlaşdıra bilər. Bölgəyə sərmayə qoyuluşuna, mədəni əlaqələrin genişlənməsinə yardım edər.

Azərbaycanın Türkiyə ilə xarici siyasət kursunda da birgə fəaliyyət göstərməsi yaxın perspektivdə İraqın şimalındakı regional hökumətlə əlaqələrin güclənəcəyi ehtimalını da artırır. Bu əlaqələr Türkiyə və Azərbaycanla İraq arasında əməkdaşlığın genişlənməsinə də təkan verər. Habelə, bu münasibətlər İraq Kürdüstan Regionunu Türkiyə və Azərbaycana qarşı qoymağa çalışan qüvvələrə də yerini göstərər. Çünki Azərbaycana və Türkiyəyə qarşı olanlar regional hökumətdən də vaxtaşırı olaraq istifadə etməyə çalışırlar.

Bu kimi əlaqələr və əməkdaşlığın həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əmin-amanlığa xidmət edəcəyi də istisna deyil.

Türkiyə-Azərbaycan birliyi ilə əməkdaşlıq da indiki şəraitdə və gələcəkdə regional hökumətin inkişafına töhfə verə bilər.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir