Ukrayna İkinci Qarabağ müharibəsi dövründə işğal olunmuş əraziləri azad edən Azərbaycandakı hadisələri yaxından izləməyə davam edir. Ukraynanın media nümayəndələri də hazırda ərazidə gedən bərpa işləri ilə tanış olmağa imkan da tapıblar.
Həmin jurnalistlərdən biri – “İnter” telekanalını təmsil edən hərbi jurnalist Roman Boçkala Caliber.Az-a bununla bağlı danışıb.
– İndiyə kimi dünyanın hansı “qaynar nöqtə”lərində olmusunuz?
– Afrikada (Liberiya, Konqo, Somali), Sinay yarımadasında – burada hətta məni “Müsəlman Qardaşlar” hərəkatının nümayəndələri həbs etdilər (ancaq orada hərbi yox, mülki qarşıdurma var idi). Bundan əlavə Livan, Əfqanıstan, Suriya… Həmçinin Kosovo, Bosniya və Herseqovinada olmuşam, Abxaziya və Cənubi Osetiyadakı müharibəni işıqlandırmışam. Əlbətdə ən “qaynar nöqtə” Ukraynanın şərqində 2014-2015-ci illərdəki müharibədir.
– Azərbaycanın azad edilmiş ərazilərində oldunuz. Buralar artıq “qaynar nöqtə” deyil. Ancaq təhlükə hiss etdinizmi, məsələn, minalara görə?
– Azərbaycanın işğaldan azad edilmiş əraziləri əlbəttə ki, artıq “qaynar nöqtə” deyil. Vəziyyətin tamamilə Azərbaycanın nəzarətində olduğunu hiss etdim, münaqişənin ikinci tərəfi yoxdur. Narahatlıq hissi isə əlbəttə ki, mövcud idi. İnsanlar minalara düşərək partlayırlar və bu illərlə mövcud olacaq ciddi bir təhdiddir.
– Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransında iştirak etdiniz və ölkəmizin işğal olunmuş ərazilərin azad edilməsi təcrübəsi barədə sual verdiniz. Azərbaycanın təcrübəsi Ukrayna üçün faydalı ola bilərmi?
– Azərbaycanın işğal olunmuş əraziləri azad etmək əməliyyatı ümumiyyətlə hərbi strategiyada yeni bir səhifədir. Əvvəllər beynəlxalq praktikada bu cür münaqişələrin həllini yalnız diplomatik müstəvidə görürdülər. Ancaq zaman keçdikcə vəziyyəti yalnız bu şəkildə həll etməyin son dərəcə çətin olduğunu sezirik. Tamamilə diplomatik yol nədir? Bir tərəf qanunsuz götürdüklərini qaytarmalıdır? Bəs bu cür nümunələrlə çoxmu rastlaşmısınız? Ona görə də, bu model işləmir.
Ancaq təbii ki, nəzarətsiz gücün tətbiqi də bir seçim deyil.
Azərbaycan nə göstərdi? Sizin ölkəniz bütün mümkün arsenalı tətbiq etmədi. Mülki əhali üçün minimum zərərlə, azad edilmiş ərazilərdə infrastrukturlara minimum ziyanla, mən deyərdim ki, bir növ “cərrahi əməliyyat” keçirildi. Bu tarixdə görünməyib.
Ukrayna üçün bu təcrübə misilsizdir, bu bizim yuxarı hakim təbəqələrdə də müzakirə olunur. Mən bizim Müdafiə Nazirliyimizdə bir iclasda idim və birbaşa sitat gətirmədən deyə bilərəm ki, hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirir.
– Qarabağdan bütün azərbaycanlılar istisnasız olaraq qovuldu. Ancaq Donbas ərazisində Ukrayna vətəndaşları, rəsmi Kiyevə sadiq çoxlu sayda insanlar var. Bəs bu halda nə edilməlidir?
– Bu vacib məqamı tamamilə düzgün qeyd etdiniz. Üstəlik Donbas sıx əhalisi olan bir ərazidir. Burada bütöv bir aqlomerasiya (yaşayış məntəqələrinin yaxın toplumu – red.) var. Makeyevka, Qorlovka, Donetsk – bu şəhərlər praktik olaraq birdir, araları yoxdur. Tariximizdə millətlərarası qarşıdurma olmayıb.
Azərbaycan məsələsində isə başqa cürdür – torpaqlar viran qalmışdı, orada mülki əhali yox idi.
Buna görə xüsusi bölmələrimiz diqqətini şəhərdə döyüş taktikasına yönəldilib ki, xüsusi bir əməliyyat zamanı diqqətlə hərəkət etsinlər.
Aerokosmik komponent də vacib əhəmiyyət daşıyacaq. Təəssüf ki, Ukraynamövcud potensiala baxmayaraq peyki işə salmayıb! Azərbaycanın isə üç peyki var. Ancaq prezidentimiz Vladimir Zelenski Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə qədər bir peyk buraxmaq barədə tapşırıq verib. Hazırlaşmağımız üçün vaxt lazımdır.
– Ərazilərin bərpası ilə bağlı işləri gördünüz. Bununla bağlı təəssüratınızı bilmək istərdik…
– Əvvəla, bərpa işlərinin miqyasına heyran qaldım. Yeni azad edilmiş ərazilərə yaxınlaşanda bütün marşrut boyunca fasiləsiz 4G bağlantısı olduğunu gördüm. İşğaldan azad edildikdən dərhal sonra Azərbaycan bu torpaqlarda rabitəni bərpa etdi. Bu çox müdrik addımdır.
İnfrastrukturun yenidən qurulması üçün işə başlanıldı, bu məni valeh etdi. Bəs Füzuli hava limanının inşaası?.. Mən hətta orada nə qədər nəqliyyat vasitəsinin olduğunu hesablaya bilmədim: yüzlərlə, minlərlə vahid idi. Bu vacibdir, çünki əraziləri bərpa etmək istəyi ilə birləşən Azərbaycan cəmiyyətinin konsolidasiyası davam edir. Bundan əlavə, bütün dünya indi buranın, bizdə Çernobıldakı kimi “təcrid zonası” olmadığını görür. Burda yaşamaq xoş və rahat olacaq.