Şuşa şəhəri dünyanın memarlıq incisi statusunu yenidən bərpa edəcək

Siyasət

Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşa şəhərinin otuz ilə yaxın müddət ərzində davam edən işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən parlaq qələbələrindən biri kimi xalqımızın tarixi yaddaşına həkk olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hazırlanmış mükəmməl hərbi strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq Şuşanın alınması, beynəlxalq silahlı münaqişələr tarixinə nümunəvi hərbi əməliyyat kimi daxil olaraq, dünyanın tanınmış elmi mərkəzlərində ciddi tədqiqat obyekti olacaq.  

1992-ci ilin 8 mayında təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa 2020-ci ilin 8 noyabrında azadlığına qovuşaraq, tarixi ədalətin bərpa olunmasını təsdiq etdi.

Uca dağların əhatəsində olan və sıldırım qayaların üzərinə yerləşən Şuşa Azərbaycan əsgərləri və zabitlərinin inanılmaz şücaəti nəticəsində əbədi olaraq doğma evinə – Azərbaycana qayıtdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada, Cıdır düzündə tonqal alovlandırmaları tarixi əhəmiyyətli hadisə kimi Vətən müharibəsində möhtəşəm qələbəmizin parlaq təzahürü olmuşdur.

Qədim şəhərimiz, Azərbaycanın mədəni paytaxtı olan Şuşa erməni vandalları tərəfindən dağıntılara məruz qalsa da, xalqımızın milli ruhunu qoruya bilmişdir.

Uzun illərdən bəri erməni işğalçıları mədəni soyqırımı törədərək, şəhərdə yerləşən bir çox nadir memarlıq nümunələrini tamamilə məhv etmiş və ya onlara ciddi ziyan vurmuşlar. Bunların sırasında Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və onun iqamətgahı olmuş məşhur saray binası, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən Aşağı Gövhərağa məscidi, 1863-cü ildə inşa edilmiş Saatlı məscidi,  görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev və bir çox başqa nadir memarlıq sənətinin nümunələri qeyd edilə bilər. Dünya tarixində rast gəlinməyən bu vandallıq nəinki Azərbaycanın, bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı törədilən ən ağır cinayətdir.

Ancaq törədilmiş vəhşiliklərə rəğmən Şuşa öz gözəlliyini bərpa edəcək və bütün dünyaya bir daha sübut edəcək ki, həm döyüş meydanında, həm də öz mədəni irsinin qorunması və bərpasında Azərbaycan xalqının iradəsi sarsılmazdır!

Nizami Səfərov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir