“Tolstoyun açıqlamaları Azərbaycan-Rusiya münasibətlərinə ciddi ziyan vurur” – RƏY

Siyasət


Milli Məclisin deputatı Kamran Bayramov Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Azərbaycanın müstəqilliyini və müstəqil dövlət kimi mövcudluğunu şübhə altına alan təxribat xarakterli bəyanatlarına münasibət bildirib.

“Report” xəbər verir ki, deputat belə məsuliyyətsiz bəyanatların Azərbaycan-Rusiya münasibətlərinə ciddi ziyan vurduğunu hesab edir.

Xatırladaq ki, ötən gün Azərbaycan-Rusiya münasibətlərinə toxunan P.Tolstoy Azərbaycanın Rusiyadan “asılı” olduğunu bəyan edib, “nə Azərbaycan, nə də Qarabağ… Rusiyasız mövcud olacaq” kimi qərəzli fikirlər səsləndirib.

“Rusiyanın ali qanunverici orqanının rəhbərlərindən biri, Rusiyanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, artıq tarixin arxivinə atılmış “Dağlıq Qarabağ münaqişəsi” haqqında kifayət qədər məlumatlı olan bir şəxsdən belə bəyanatlar eşitmək çox təəccüblüdür və hiddət doğurur”, – deputat bildirib.

O əlavə edib ki, Azərbaycan 30 ildən artıqdır ki, müstəqil, özünü təmin edən dövlətdir, öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürüdür və nə siyasi, nə də iqtisadi cəhətdən dünyanın heç bir dövlətindən asılı deyil.

Millət vəkili vurğulayıb ki, bu gün müstəqil və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artır, beynəlxalq siyasətdə mövqeyi möhkəmlənir:

“Təsadüfi deyil ki, Azərbaycan hazırda dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edir, təhlükəsizlik, səhiyyə, enerji, digər sahələrdə bir çox qlobal təşəbbüslər irəli sürür”.

K.Bayramov hesab edir ki, P.Tolstoy unudub ki, Azərbaycan, həmçinin, qonşu dövlətlərlə, o cümlədən ötən ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalandığı Rusiya ilə bərabərhüquqlu münasibətləri uğurla qurur:

“P.Tolstoyun belə məsuliyyətsiz, məntiqsiz və bu qəbildən ilk və yeganə olmayan bəyanatları Azərbaycan-Rusiya münasibətlərinə ciddi və nəzərəçarpacaq dərəcədə ziyan vurur, hökumətlərimiz və parlamentlərimizin müttəfiqlik əlaqələrini genişləndirmək və dərinləşdirmək səylərinə kölgə salır”.

Deputat ümid etdiyini bildirib ki, Rusiyanın hakimiyyət orqanları, o cümlədən Dövlət Duması və Xarici İşlər Nazirliyi P.Tolstoyun bəyanatlarına və son vaxtlar Rusiyanın media məkanında cərəyan edən və ölkələrimiz arasında əməkdaşlıq ruhuna zidd olan anti-Azərbaycan isterikasına müvafiq qiymət verəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir