“Sərhədsiz Reportyorlar”: Fransa hakimiyyəti və erməni lobbisinin xidmətçisi

Siyasət


“Sərhədsiz Reportyorlar” təşkilatı bu günlərdə ölkəmiz tərəfindən uğurla təşkil olunmuş Şuşa Media Forumuna qarşı çıxıb.

Özünü beynəlxalq qeyri-hökumət təşkilatı kimi qələmə verən qurum sosial şəbəkədə tədbirin özü ilə yanaşı, burada iştirak edən jurnalist həmkarlarını da əsassız olaraq tənqid edib. Hərçənd, bu tənqidlərin başdan-ayağa qərəz və məkrdən doğduğu elə ilk baxışdan anlaşılır.

Təşkilatın “başbilənləri” iddia edirlər ki, müstəqil media və jurnalistlər media forumun işinə buraxılmayıblar. Bu isə o deməkdir ki, “Sərhədsiz Reportyorlar”ın fikrincə, “Forbes”, “Euronews”, “Əl-Cəzirə” və digər nüfuzlu KİV-lər, eləcə də aralarında Azərbaycan hakimiyyətini tənqid edənlərin də olduğu beynəlxalq qeyri-hökumət jurnalist təşkilatlarının nümayəndələri, 150 xarici qonaq “müstəqil olmayan” jurnalist və media təşkilatıdır.

Əvvəla, kim “Sərhədsiz Reportyorlar”a belə hüquq verib ki, digər media və təşkilatlardan olan həmkarlarına sataşsın, onları tədbirdə iştiraka görə günahlandırsın? Axı bu, özlərinin tez-tez yazdıqları fikir plüralizmi ideyasına ziddir və “Sərhədsiz Reportyorlar” təşkilatının qərəzli fikirlərini bölüşməyən jurnalist həmkarlarına qarşı siyasi terrordan başqa bir şey deyil.

Digər tərəfdən, əsas ofisi Parisdə yerləşən və Beynəlxalq Frankofoniya Təşkilatında məşvərətçi statusa malik olan təşkilatın belə mövqeyi gözləniləndir. Təəccüblü deyil ki, “Sərhədsiz Reportyorlar”ın Şuşa Media Forumunu qınayan bəyanatı erməni tərəfinin yaydığı tezislərə bənzər iddiaları ilə diqqət çəkir.

Təşkilatın bədnam paylaşımındakı başqa bir məqam “Əliyev rejimi” kimi ifadələrin işlədilməsidir ki, bu da heç də mötəbər beynəlxalq təşkilatın leksikonuna yaraşmır. Əksinə, onun bəyanatını ucuz erməni “Telegram” kanallarının paylaşımlarına bənzədir.

Fikrimizcə, “reportyorlar”ın tamamilə yanlış, aqressiv mövqeyi digər jurnalistləri işğaldan azad edilmiş Şuşaya səfərdən, eləcə də Azərbaycanla əlaqələr yaratmaqdan çəkindirmək məqsədi daşıyır. Yeri gəlmişkən, təcavüzkar erməni lobbiçiləri də eyni metodologiya ilə işləyir və öz gündəmlərindən fərqli fikir bildirən hər kəsə hücum edirlər. Sonuncu belə nümunə kimi “Euronews”un jurnalisti Annuliz Borcesə qarşı təşkil olunmuş hücumları xatırlamaq olar.

Bir sözlə, “Sərhədsiz Reportyorlar”ın son bəyanatı onun Fransa hakimiyyəti və erməni lobbisinin xidmətçisinə çevrildiyini açıq-aşkar göstərir ki, bu da yalnız təəssüf doğurur.

Əgər belə olmasaydı, erməni vandalları 30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınan ərazilərini işğal altında saxladıqda, Ağdamda daş üstündə daş qoymadıqda, Qarabağda və Ermənistanın özündə Azərbaycanın tarixi-mədəni irsini məhv etdikdə, Xocalıda qadın və körpələrə divan tutduqda “Sərhədsiz Reportyorlar” bunlara etiraz edər, ən azı Şuşa Media Forumunu tənqid etdikləri kimi tənqid edərdi. Halbuki, ötən illər ərzində biz bunların heç birini xatırlamırıq.

Azərbaycana gəlincə, biz çox yaxşı anlayırıq ki, ədalətli mövqeyimizin bəzi “beynəlxalq təşkilatlar” tərəfindən qərəzli şəkildə tənqid olunması bundan sonra da davam edəcək. Ölkəmiz gücləndikcə, regionda və dünyada öz nüfuzunu artırdıqca, əlbəttə ki, buna həsəd aparanlar da çoxalacaq. Lakin onların bütün səylərinə baxmayaraq, Azərbaycan öz haqq işindən əl çəkməyəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir