“Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” layihəsi başlayıb – FOTO/VİDEO

Siyasət


Ötən il ölkəmizdə baş tutan Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin yekun sənədi olaraq Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Təşkilata çevrilməsinə əsas verən “Şuşa Akkordu”nun birinci ildönümü münasibətilə Azərbaycanın Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) tərəfindən keçirilən “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” layihəsinin iyulun 25-də Şuşa şəhərində açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə bir il bundan öncə Şuşa şəhərində QHGT-nin təsis sənədi hesab olunan “Şuşa Akkordu”nun strateji əhəmiyyətindən söhbət açaraq keçən müddət ərzində görülən işlərdən danışıb.

Sonra QHGT-nin 2021-2023-cü illərdə göstərdiyi fəaliyyəti əhatə edən videoçarx nümayiş olunub.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qurum tərəfindən QHGT-nin fəaliyyətinə təsis olunduğu gündən göstərilən dəstəyə diqqət çəkərək bunun davamlı olacağını bildirib.

Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan QHGT-nin vacib bir beynəlxalq gənclər təsisatına çevrildiyini vurğulayıb.

Gənclər Fondunun icraçı direktorunun səlahiyyətlərini müvəqqəti olaraq icra edən Qədir Xəlilov təşkilat tərəfindən QHGT-yə göstərilən dəstəyə diqqət çəkib.

Beş gün davam edəcək layihə çərçivəsində yerli və xarici gənclərin iştirakı ilə QH Modeli Simulyasiyası, plenar iclaslar, panel görüşlər və təlimlər təşkil olunacaq. Həmçinin iştirakçılar üçün Şuşanın tarixi-memarlıq abidələri və füsunkar təbiəti ilə tanışlıq məqsədilə şəhər turu təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu il 25-26 oktyabrda Bakıda keçirilən Zirvə Görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2021-ci ilin 4 oktyabr tarixində virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci ilin 29 iyul tarixində “Şuşa Akkordu” ilə təşkilata çevrilib. Təşkilat hazırda Qoşulmama Hərəkatına üzv ölkələrdə gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoqa təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir