Xarici KİV-lər Qarabağda “humanitar fəlakət” ilə bağlı yalanları ifşa edirlər – FOTO

Siyasət


Bir çox xarici KİV-lər Laçın yolu ilə bağlı vəziyyət və Qarabağ separatçılarının regionda guya “humanitar fəlakət” barədə yalan bəyanatlarını ifşa edən materiallar dərc edirlər. Məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizə humanitar yüklərin çatdırılması imkanı barədə Avropa İttifaqının bəyanatından sonra separatçı rejiminin artan spekulyasiyalarına xüsusi diqqət yetirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə xüsusilə Rumıniyanın “DIGI24” və Bolqarıstanın “sofiaglobe” nəşrləri, eləcə də Ukraynanın “ukranews.com” portalında ətraflı bəhs olunub. Həmin nəşrlərdə yayımlanan və siyasi icmalçı Svetlana Kuşnirin müəllifi olduğu məqalədə deyilir ki, Qarabağda separatçılar “Aİ-nin Azərbaycanın Qarabağ bölgəsinin erməni anklavına humanitar yüklərin çatdırılması üçün əlavə yolun açılması haqqında bəyanatından sonra” humanitar marşrutu bağlayıblar.

Müəllif qeyd edir ki, Avropa Şurasının Prezidenti Şarl Mişel Bakının Azərbaycanın Ağdam şəhəri vasitəsilə Qarabağın erməni əhalisinə humanitar yardımın çatdırılmasını təşkil etmək niyyəti barədə bildirib. Materialda deyilir:

“Şarl Mişelin Azərbaycanın əlavə marşrut açmağa hazır olması barədə bəyanatına cavab olaraq “Artsaxın təhlükəsizliyi və inkişafı cəbhəsi” rusiyapərəst hərəkatının nümayəndələri iyulun 18-də Ağdamdan Xankəndiyə gedən yolu beton bloklarla bağlayıb, burada “aclıq və humanitar fəlakət”in hökm sürdüyünü bildirirlər. Bu bəyanatlar Xankəndidə korporativ məclislər üçün asanlıqla ət, balıq, pendir, desertlər sifariş etdiyini deyən ukraynalı deputat Vladimir Kreydenkonun araşdırması ilə təkzib edilir”.

Latviyanın “La.lv” portalı isə öz növbəsində oxucuların diqqətini “Artsaxın təhlükəsizliyi və inkişaf cəbhəsi” adlandırılan qurumun rusiyalı oliqarx Ruben Vardanyan tərəfindən təsis edilməsinə yönəldir. Bu barədə Ukraynanın “Censor”, “Politeka.net”, “Ukranews” və “Kr” kimi xəbər saytları da xəbər verir. “Kr” bildirir ki, “Kreml Ukrayna Donbası, Gürcüstan Cənubi Osetiyası və Moldova Dnestryanı ssenarisi üzrə Qarabağda Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa çalışır. O, yalnız bu yolla öz mövqelərini, o cümlədən Cənubi Qafqazda və Şərqi Avropadakı hərbi mövcudluğunu qoruyub saxlaya biləcək”.

Nəşrlərdə qeyd edilir ki, “Rusiyanın separatçı anklavların köməyi ilə nəzarətə götürməyə çalışdığı digər postsovet ölkələrində olduğu kimi, Ermənistan-Azərbaycan danışıqlar prosesində də əsl vasitəçi Avropa İttifaqı və ABŞ-dir”.

“Sülh sazişinin bağlanması Rusiya Federasiyası Prezidenti Vladimir Putini Cənubi Qafqazdakı mövqeyindən məhrum edəcək və İrəvanın son olaraq Qərbə yönləndirilməsinə töhfə verəcək”, – deyə Svetlana Kuşnir “Ukranews”da dərc olunmuş məqaləsində yazır.

ABŞ-nin nüfuzlu “The Washington Times” qəzetində dərc olunan məqalənin müəllifi də bu fikirlə şərikdir. Məqalədə qeyd olunur: “Rusiya Cənubi Qafqazda etnik münaqişə ocaqlarının sönməməsi üçün Azərbaycanın Qarabağdakı erməni azlığını manipulyasiya etməyə çalışır”.

Öz növbəsində, ingilis dilində nəşr olunan Rumıniyanın “Romanian Newsweek” həftəlik jurnalı vurğulayır: “Bu, [erməni separatçılarından Qarabağda istifadə olunması] Moskvaya Cənubi Qafqazda hərbi mövcudluğunu saxlamağa imkan verir”.

Gürcüstanın “Primetime” və “Nyushub” nəşrləri ona diqqət çəkirlər ki, Moskvadan fərqli olaraq Avropa İttifaqı Cənubi Qafqazda sülhdə maraqlıdır. Çünki Avropa İttifaqı regional nəqliyyat marşrutları, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə Rusiyadan yan keçməklə Çinə birbaşa tranzit imkanı əldə edəcək.

Eyni mövzuya “Moldova-1” televiziya şousunun buraxılışında da toxunulub. Burada bildirilir: “Bu dəhlizin açılması Avropa İttifaqına Rusiyadan yan keçməklə, Türkiyə, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə Çinlə birbaşa nəqliyyat əlaqəsi yaratmağa imkan verəcək”.

Avropa və ABŞ KİV-lərində qeyd edilir ki, bu, həmçinin Azərbaycana Avropa İttifaqının əsas enerji tərəfdaşına çevrilməsinə, Avropaya isə Rusiya yanacağından məhrum olmağı kompensasiya etməyə imkan verəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir