Nikol Paşinyandan ermənilərə “Qarabağ Azərbaycandır” mesajı – ŞƏRH + FOTO

Siyasət


Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında ənənəsinə sadiq qalaraq daha çox daxili auditoriyaya yönəlmiş populist, ziddiyyətli fikirlər söyləyib. O, əvvəlki bəyanatlarını təkzib etməklə Azərbaycana qarşı cəfəng ittihamlar səsləndirsə də, bir sıra etiraflar da edib. Maraqlı olan odur ki, artıq Ermənistan rəhbərliyində Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransları, xarici mediaya müsahibələrindən dərhal sonra analoji tədbirlərin keçirilməsi dəbə minib.

Nikol Paşinyan media nümayəndələri qarşısında çıxışlarını ənənəvi olaraq Azərbaycana qarşı cəfəng ittihamlar üzərində qurmağa çalışır. Lakin onun iyulun 25-də səsləndirdiyi bir sıra fikirlərin üzərində dayanmaq istərdik. Ən önəmli olan Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsidir.

Hökumət başçısı: “Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”, – deyərək əlavə edib ki, Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib. Bu etiraf onun mətbuat konfransındakı sərsəmliklərini arxa plana keçirmiş olur. Yəni baş nazir demək istəyib ki, reytinqi də onun üçün əhəmiyyətli məsələdir.

Başqa bir maraqlı məqam onun Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçılarının tör-töküntülərinin keçirdikləri aksiyalara sərt reaksiya verməsidir. N.Paşinyanın Ermənistanın Qarabağda yaşayan erməni azlığın taleyini həll etmək iqtidarında olmadığını boynuna alması aksiyanın təşəbbüskarları və onların havadarlarına tutarlı cavab kimi qiymətləndirilməlidir. Ermənistan baş naziri bir daha Qarabağdakı separatçı qüvvələrin rəsmi Bakı ilə danışıqlar aparmalı olduğunu vurğulayıb. Həqiqətən də, dəfələrlə bəyan edilib ki, Xankəndidə qalan bir ovuc erməni rəsmi İrəvan üçün əlavə yükdür. Hər il Ermənistan büdcəsindən ayrılan milyonlarla dollar boşuna xərclənən vəsait kimi qiymətləndirilir. Necə ki, 30 illik işğal da bunu təsdiq etdi. 30 il ərzində Ermənistanın büdcəsindən Qarabağdakı terrorçu-separatçılara yüzmilyonlarla dollar ayrılırdı və nəticə də göz önündədir. Bəlli olub ki, həmin vəsaitlər, sadəcə, hərbi xuntanın, eləcə də, Ermənistan rəhbərliyinin cibinə gedib. Bölgədə hər hansı bir iş aparılmayıb, əksinə, hər şey dağıdılıb. Ermənistanda artıq çoxları bu qənaətdədirlər və baş nazir də onların bu məsələdə mövqeyini ortaya qoyur.

Mətbuat konfransı zamanı Paşinyan da bildirib ki, Qarabağdakı qüvvələrin Bakı-Xankəndi ilə dialoq aparması üçün imkanlar olacaq və ən optimalı da budur.

Nikol Rusiyanı ittiham edir

Təbii ki, Nikol Paşinyanın mətbuat konfransı zamanı Rusiyanı hədəfə alması, Kremlin sülh prosesində iştirakına tənqidi yanaşmasını da diqqətdən kənarda saxlamaq olmaz. Nikol Paşinyanın sözlərindən belə çıxıb ki, Rusiyaya ümid bəsləmək kimi ənənəvi siyasətdən üz döndərməyin vaxtı çatıb. Ən qalmaqallı və ikibaşlı formada səslənən “istənilən vəziyyətdə dövlət problemlərini həll edərkən “rus çarına məktub” janrına əl atmağı dayandırmalıyıq” fikri isə çox güman ki, Moskvada birmənalı qarşılanmayacaq. Baş nazir onu da əlavə edib ki, məsuliyyət zonasını dəqiq müəyyən etmək lazımdır: “Moskvanın mövqeyində çox dəqiq vurğular var. Diplomatik dildən tərcümədə onlar deyirlər: 30 illik müstəqillik əldə etmiş ölkəsiniz, müxtəlif məsələlərlə bağlı Moskvaya nə qədər müraciət etmək olar?! Amma biz buna öyrəşmişik. Hətta “rus çarına məktub janrı”mız var. Biz nə vaxta qədər belə yaşaya bilərik?!”

Baş nazir Rusiyanın Ukraynada ciddi şəkildə uğursuzluqlarını etiraf edərək, Moskvanın başının Ukraynaya qarışdığından Qarabağa diqqət ayıra bilmədiyini deyib. Onun Qarabağdakı separatçıların tör-töküntülərinə növbəti zərbəsi onların qondarma rejiminin dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığı barədə sözləridir. Baş nazir bununla bağlı fikir səsləndirərkən ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatından sitat da gətirib. Bildirib ki, “Dövlət Departamentinin hesabatlarından birində deyilir: “Separatçılar Ermənistanın köməyi ilə Qarabağın böyük hissəsini və Azərbaycanın digər yeddi ərazisini nəzarətdə saxlamaqda davam ediblər”. Xankəndidə keçirilən aksiyalara dəstək vermədiyi barədə ittihamlara gəldikdə, siz Ermənistanın suverenliyinin itirməsini istəyirsiniz”, – deyib.

Paşinyan Rusiyanı ABŞ-yə dəyişir?

Baş nazirin çıxışında Birləşmiş Ştatların sülh təşəbbüslərini qabartması da maraqlıdır. Kremlin rolunu azaldaraq “həqiqətən də, ABŞ Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunmasına ciddi səy göstərir” deyib.

Paşinyanın bu bəyanatı Rusiya ətrafında cərəyan edən proseslərlə birbaşa bağlıdır. Çünki getdikcə Moskva üçün daha çıxılmaz vaqeəyə çevrilən Ukrayna müharibəsi böyük ehtimalla yaxın vaxtlarda, hətta il ərzində həllini tapmayacaq.

Ona görə də hökumət başçısı Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlara toxunmayaraq, son illər Azərbaycan və Ermənistan arasında görüş və danışıqların Qərb meydançalarında baş tutduğunu xüsusi vurğulayıb.

“Bu o demək deyil ki, biz Rusiyanın prosesdən uzaqlaşmasını istəyirik. Sadəcə, bu, obyektiv səbəblərlə bağlıdır. Lakin bizə nəticəsi olan danışıqlar lazımdır” deməklə Moskvanın Ukraynada uğursuzluqlarına toxunub. Beləliklə də, baş nazirin bu fikirləri birbaşa Moskvanı şantaj etmək qəsdi, yaxud onun rolunun minimuma endirilməsi anlamına gəlir. Bu da o deməkdir ki, Paşinyan əsas diqqətini Birləşmiş Ştatlarda aparılacaq sülh danışıqlarına yönəldib.

Beləliklə, N.Paşinyanın son mətbuat konfransı bir daha göstərdi ki, Ermənistan hakimiyyəti beynindəki fikirləri dilə gətirməkdən ehtiyat edir. Hakimiyyət çəkinir ki, səslənən hər hansı ehtiyatsız fikir onun sonunu yaxınlaşdıra bilər. Bu səbəbdən də asta-asta, ehtiyatla fikirlərini erməni cəmiyyətinə yeritməyə çalışır.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir