Rusiyalı politoloq: “ABŞ hələ possovet ölkələrinə marağı artırmayıb? Hər şey hələ qabaqdadır”

Siyasət

Rusiyada amerikaşünas-politoloq, Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Blokin ABŞ, Rusiya və Türkiyənin münasibətləri ilə bağlı Caliber.Az-ın suallarını cavablandırıb.

– Birləşmiş Ştatlar, bəzi hallar istisna olmaqla, mütəxəssislərin demokrat administrasiyadan gözlədiyi iddialı xarici siyasət yürütmür (bu, postsovet məkanına da aiddir)…

– Hər şey hələ qabaqdadır. Ancaq Rusiya və Çinə münasibətdə artıq müvafiq ritorika səslənir. Bundan əvvəl Co Bayden Qərbi Rusiya və Çinə qarşı birləşməyə çağırırdı. Eyni zamanda, Moskva ilə Vaşinqton arasında münasibətlərdə müsbət tərəflər də var idi. Söhbət Strateji Hücum Silahlarının Azaldılmasına dair Müqavilənin uzadılmasından gedir. İndi “mənfi tərəflər” başlayır. Vladimir Putinlə bağlı açıqlama Rusiya Federasiyası ilə yeni yeni qarşıdurma kursunun sübutudur. Əlbəttə ki, heç bir açıq hərbi qarşıdurma olmayacaq, amma Rusiyanın Qara dənizdə, Suriyada və beynəlxalq platformalarda gücü sınanacaq. Hibrid müharibə hərbi-siyasi, iqtisadi, informasiya, mədəni arsenalı birləşdirir.

Qərb mütəxəssisləri Rusiya ətrafında “boz zonanın” genişləndirilməsinin zəruriliyi barədə fəal şəkildə yazırlar (bu, müharibə və ya sülhün olmadığı ərazidir, ancaq gərginlik mövcuddur). Obyektiv olaraq, Co Bayden özünü yalnız qütbləşmiş Amerika cəmiyyətinin deyil, həm də bütün Qərbin anti-Çin və anti-Rusiya əsasında birləşdiricisi kimi təqdim edir.

Ümumiyyətlə, Co Baydenin proqramı dörd il üçün nəzərdə tutulub və Corc Buşun (oğul) prezidentliyi ilə müqayisə edilə bilər, o zaman bütün hakimiyyət əslində, vitse-prezident Dik Çeyni və onun ətrafının əlində cəmləşmişdi. İndi Ağ Ev rəhbərliyində əsas fiqur vitse-prezident Kamala Harrisdir.

– Siz Co Baydenin Vladimir Putinlə bağlı açıqlamasından danışdınız. Bu sözlərə ilk reaksiya verən dünya liderlərindən biri, Rusiya liderini dəstəkləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Eyni zamanda, ABŞ Türkiyəyə təzyiq göstərməyə davam edir, başqa bir dəlil isə ABŞ-ın dövlət katibi Entoni Blinkenin “Euronews” telekanalına verdiyi müsahibə idi. Hansı ki, Vaşinqtonla Ankara arasında Rusiya silahlarının alınması ilə bağlı real fikir ayrılıqlarının olduğunu bildirirdi…

– İndiki Ağ Ev rəhbərliyinin vəzifələrindən biri dünya liberal nizamını gücləndirməkdir. Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan bu liberal nizama sığmır. Amerikalı demokratlarının Türkiyədəki çevrilişi təşviq etmək üçün uğursuz cəhd göstərdiyini xatırlamağa dəyər. İndi Vaşinqton yenidən Türkiyəni sıxışdırmağa çalışır, lakin güclü Türkiyə lideri bu təzyiqi sevmir.

Bu, ABŞ prezidentinin Rusiya prezidentinə qarşı səsləndirdiyi ritorikaya da aiddir. Nəzərə alınmalıdır ki, Türkiyə ilə Rusiya arasında təmas nöqtələri, “Akkuyu” nüvə stansiyasının tikintisi və s. daxil olmaqla bir çox məsələdə qarşılıqlı əlaqə mövcuddur. Buna görə Rəcəb Tayyib Ərdoğan Co Baydenin sözlərinə reaksiya verməyə bilməzdi. Yeri gəlmişkən, Qərb liderləri “Soyuq müharibə” dövründə belə özlərinə qarşı bu cür ifadələrə imkan verməyiblər. Əminəm ki, Co Bayden Türkiyə prezidentinə oxşar bir şey desəydi, Vladimir Putin də buna müvafiq reaksiya verərdi. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir