Xalid Taymur Əkrəm: “Hindistan istehsallı silahların Ermənistana tədarükü regiondakı sabitliyə təhdid yaradır”

Siyasət


“Hindistan istehsalı olan silahların İran vasitəsilə Ermənistana tədarükü Cənubi Qafqaz regionundakı sabitliyə təhdid yaradır”.

Bunu “Report”a açıqlamasında beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm bildirib.

“İranın Bəndər-Abbas dəniz limanı vasitəsilə Hindistandan Ermənistana silah və sursatdan ibarət yük göndərilib. Bu, gərginliyi artıra, Cənubi Qafqaz regionunda sabitliyi poza və vəziyyəti daha da çətinləşdirə bilər. Bu addımlar təkcə regional sülhə deyil, həm də Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına mane olur”, – ekspert bildirib.

O, Hindistanın bu addımlarını təxribat xarakterli və təhlükəli adlandırıb:

“Hindistan ilə Ermənistan hər zaman regional sabitliyə təhdid yaradıb. Qonşuların təxribatçı hərəkətlərinə qarşı Azərbaycanın reaksiyası ilə Pakistanın yanaşması arasında oxşarlıq Cənubi Qafqaz və Cənubi Asiyanın üzləşdiyi problemlərin ümumi olduğunu göstərir”.

X.T.Əkrəm vurğulayıb ki, beynəlxalq ictimaiyyət, xüsusən də BMT vəziyyəti diqqətlə izləməli və reaksiya verməlidir:

“Müharibələrin mümkün bərpasının qarşısını almaq üçün Ermənistanın hərbi ambisiyaları məhdudlaşdırılmalı və Hindistanın silah tədarükündə iştirakına ciddi nəzarət edilməlidir. Bu ölkələr yeni problemlər yaratmaqla qlobal sülhə zərbə vurur. Beynəlxalq ictimaiyyət Cənubi Qafqaz regionunda dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsində fəal rol oynamalıdır”.

Onun sözlərinə görə, Ermənistan dialoq, diplomatiya əvəzinə regionda sabitliyi pozmağa, vəziyyəti gərginləşdirməyə çalışır:

“Belə addımlar sülh sazişinin əldə olunmasına əsas maneədir. Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə baxmayaraq, görünür, Ermənistan bunda maraqlı deyil və əksinə, diqqətini hərbiləşməyə yönəldir”.

Pakistanlı ekspert qeyd edib ki, Hindistan istehsalı olan hərbi texnikanın Ermənistana göndərilməsi regional təhlükəsizlik və sülh üçün mənfi nəticələrə səbəb ola biləcək addımdır:

“Davam edən münaqişələr və geosiyasi çağırışlar fonunda beynəlxalq ictimaiyyət mümkün eskalasiyanın qarşısını almalıdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir