Mütəxəssislər Almaniya mətbuatında anti-Azərbaycan ritorikasına diqqət çəkib. Avropada da daxil olmaqla bir çoxu bu tendensiyanı “Rusiya təbliğatı” ilə, daha doğrusu “Russia Today” (RT) və “Sputnik”in fəaliyyəti ilə əlaqələndirir. Bu və digər media strukturlarına isə rəsmi Moskvanın siyasətinə zidd olan, Ermənistandakı revanşist qüvvələrə dəstəyini gizlətməyən Marqarita Simonyan rəhbərlik edir.
Almaniyalı politoloq Andreas Umland Caliber.Az-a verdiyi müsahibəsində “Russia Today” və “Sputnik”in təbliğatının alman cəmiyyətinə təsirini şişirtməməyə çağırıb:
– Əlbətdə ki, Rusiya informasiya kanalları Almaniyada qeydiyyata alınıb və nə qədər ki, Almaniya hökuməti buna icazə verir, yayım hüququna malikdirlər. Bəli, Ukraynada və Baltikyanı ölkələrdə buna fərqli yanaşılır, belə kanallar orada bağlanır. Ancaq Mərkəzi və Qərbi Avropada buna yol verilir.
– Bəs, məsələn, RT tərəfindən Almaniya KİV-lərinə ötürülən və Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilən bu mövzuları necə izah etmək olar ?
– Bilirsiniz, Ermənistan haqqında da tənqidi fikirlər səsləndirilir. Keçən payızda Qarabağdakı müharibə zamanı erməni diasporu bundan narazı qalmışdı. Yəni, hər şey mütləq qeyd etdiyiniz Rusiya mediasının təsiri ilə əlaqəli deyil.
– Yeri gəlmişkən, diaspor haqqında da danışaq. Fransada erməni lobbisi çox güclüdür, bəs Almaniyada necə?
– Əlbətdə ki, o, Fransada olduğu qədər güclü deyil, amma Almaniyada da müəyyən bir çəkiyə sahibdir. Onlar fəaldırlar, keçən payızda Almaniya şəhərlərində baş verən ictimai aksiyaları xatırlamaq olar. Ümumilikdə, Almaniya xarici siyasətinin yanaşması bitərəfliyə yönəlib. Bu, Almaniya pasifizmi ilə əlaqəli bir qədər qeyri-müəyyən davranışdır. Ancaq eyni zamanda, Almaniya beynəlxalq hüquq normalarına riayət olunmasını izləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, bu birmənalıdır.
– Rusiyada böyük dövlət media holdinqlərinin informasiya siyasəti çox vaxt dövlətin mövqeyi ilə üst-üstə düşmür. Bu sirr deyil. “Russia Today” və “Sputnik”ə Marqarita Simonyan rəhbərlik edir…
– … Bəli, bu, mümkündür çünki o, erməni mənşəlidir. Bunu sonradan xatırladım. Onun redaktor siyasətinə (Marqarita Simonyanın milliyyətinin- red.) təsirini istisna etmirəm. Moskvanın özündə də fərqli fraksiyalar var. Ermənipərəstlər də var, azərbaycanyönlülər də…