Azərbaycan-İsrail antiterror əməliyyatlarında: İraq Kürdüstanının məsələyə aidiyyəti – TƏHLİL

Siyasət


İran özünün nəzarətində və təlimatları altında olan qeyri-dövlət aktorlarını Cənubi Qafqaza doğru itələməyə cəhd göstərdikcə İsrail də region üzrə hərəkətini sürətləndirir. 

İsrail İranın planlarının icrası önündə maneə yaradan güclü kəşfiyyat və əks-kəşfiyyata sahibdir, Tehranın hansı coğrafiyada aktivlik dərəcəsi yüksəlirsə, Təl-Əvivin həmin bölgələrdə strateji maraqları yaranır.

Cənubi Qafqaz da İran-İsrail çəkişməsinin bir meydançasıdır, çünki Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra regional konfiqurasiyadakı maraqlar da şişib böyüyür.

Azərbaycanla İsrailin bir-birilə əməkdaşlıq edib onu irəlilətməyə, dərinləşdirməyə, hətta strateji müttəfiq səviyyəsinə qaldırmağa göstərdiyi maraq qarşılıqlıdır, bu, İranın və onun əli altındakı qüvvələrinin fəaliyyətinə qarşı effektiv mübarizə üsulu yaradır.

Lakin İsraillə Azərbaycanın müttəfiqliyinin hansı meyarlara söykənməyindən asılı olmayaraq, bu, İrana xoş gəlmir, ona görə də Tehranın regional fəaliyyətində davamlı hansısa təxribatlara şahidlik edə bilərik.

Azərbaycanın strateji tutumu isə regional təhlükəsizliyin təmininə yönəlib, bu istiqamətdə Bakı istənilən etibarlı tərəfdaşla müştərək maraq yaratmaq zərurətlərini nümayiş etdirir.

İsraillə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlıq həmin qəbildəndir, bu, həm müdafiə mexanizmlərinin gücləndirilməsi, həm də ikitərəfli əlaqələrin strateji məzmununda yeni səhifələr açılması baxımından qiymətlidir.

Bu, həm də İsrailin Cənubi Qafqazda güclənməsi və İrana qarşı beynəlxalq səylərin region üzərindən meyillənməsinin sürətlənməsi deməkdir.

Belə məqamda İran proksi qüvvələrini dövriyyəyə salaraq əks-həmləyə çalışır, o, himayə etdiyi terrorçu dəstələri regional fəaliyyətinə cəlb edərək Azərbaycan-İsrail əməkdaşlığındakı rəngləri dəyişdirməyə cəhd göstərir.

Üstəgəl, Tehran təhdidlərinin miqyasını dövlət və hərbi komandanlıqlar səviyyəsində qeyd etməkdə həvəslidir. Bütün bunlar Azərbaycanın İsraildən yeni silahlar, kəşfiyyat avadanlıqları alması üçün əsaslar verir – artıq bu istiqamətdə danışıqlar da gedir.

İkinci bir faza Azərbaycanın antiterror əməliyyatlarında İsraillə mümkün əməkdaşlığıdır, ona görə ki, Təl-Əviv İranın fəaliyyət dairəsini diqqətlə izləyərək daha çox məxfi məlumatları toplayır. İsrail onları məxfi qrif altında təsnifatlaşdıraraq bir qismini Azərbaycanla bölüşməkdə maraqlıdır.

Ona görə də İsrailin Azərbaycana İranın addımları barədə tez-tez xəbərdarlıq siqnalları göndərməsi başadüşüləndir, sözsüz ki, Bakı da kəşfiyyat imkanlarını xeyli və nəzərəçarpacaq dərəcədə inkişaf etdirib. Deməli, Azərbaycan həm öz imkanları, həm də tərəfdaşları ilə kəşfiyyat məlumatları mübadilələrinə əsasən hərəkət edir.

Bu, antiterror əməliyyatları üzrə Azərbaycanın əhəmiyyətini artırır, İran isə cavab olaraq bu dəfə Əfqanıstandan olan əlaltılarına təlimatlar göndərib onları regional təxribatların qüvvəsinə çevirmək istəyir. Həmin məsələ İranın yeni qüvvələri təşkilatlandırmaq həvəsini və maraqlarını körükləyir, Bakıdakı İsrail səfirliyinə qarşı terror cəhdinin aşkara çıxmasından sonra Tehranın planları üzrə perspektiv daha aydın canlanır.

%photo%1490493

Azərbaycan-İsrail əməkdaşlığı İran təhdidləri ilə yanaşı, İraq Kürdüstanı ilə bağlı məsələlərin əhatəsində də dərinləşmək potensialına malikdir. İsrail bu mənada İraq Kürdüstanı Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana iyulun 18-də etdiyi səfərin nəticələrini diqqətlə izləyir.

İsrail Azərbaycan-İraq Kürdüstanı münasibətlərinin möhkəmlənməsi üçün əlindən gələni edə bilər, çünki bunun İsrail-Azərbaycan-Türkiyə əməkdaşlığı baxımından geniş regional pozitivliyi var (bu, ayrıca bir mövzunun predmetidir).

İraqda ekstremizmə qarşı mübarizədə İraq Kürdüstanının potensialından yararlanmaq cəhdi Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və İsraillə əməkdaşlığının işığında aktuallaşacaq.

Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin mənasında isə Bakının İraq Kürdüstanı ilə əlaqələrinin Təl-Əviv tərəfindən dəstəklənə bilmə ehtimalları çoxdur.

Bu baş versə, İranın İraqdakı ambisiyaları üzrə daralma planları görünə bilər. Mümkün proqnozlardan biri də belədir ki, İsrail Azərbaycanla İraq kürdlərinin liderləri arasında görüşlər təşkil edərək bunu Azərbaycan-İsrail-İraq Kürdüstanı formatında üçtərəfli əlaqələrə söykəsin.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir