“Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində bildirdiyi kimi, Azərbaycan hər zaman sülh tərəfdarıdır. Biz regionda və bölgədə barışın, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olması üçün bütün insiativlərdən maksimum istifadə edən tərəf kimi beynəlxalq arenada və beynəlxalq münasibətlər sistemində qəbul edilirik”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən deyib.
O qeyd edib ki, Azərbaycan bölgəyə sülhün və barışın gəlməsi, Qarabağ ermənilərinin Azərbaycan Respublikasının vətəndaşları kimi inteqrasiya prosesinə cəlb edilməsi, nəqliyyat, kommunikasiya imkanlarının açılması kimi bir çox məsələlərlə bağlı hər zaman xoşniyyətli mövqeyini ortaya qoyub:
“Cənab Prezident müsahibəsində mənim də böyük fəxarət və qürur hissi ilə təmsil etdiyim Qərbi Azərbaycan İcmasının indiki Ermənistan, tarixi Azərbaycan torpağından qovulmuş azərbaycanlıların haqları və hüquqlarının bərpasına, bölgəyə sülhün gəlməsinə töhfə verdiyini qeyd etməsi, bütün Qərbi azərbaycanlıları sevindirir. Azərbaycan dövləti Qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq instansiyalarda beynəlxalq hüquq çərçivəsində məsələ qaldırır. Eyni zamanda bizə vurulmuş bütün maddi və mənəvi zərərin ödənilməsi, Ermənistanın indiki ərazisinə, yəni dədə-baba torpaqlarımıza dönmək haqqımız müdafiə olunur. Bütün bunlara görə, cənab Prezidentə, Azərbaycan dövlətinin müvafiq nümayəndələrinə ürəkdən təşəkkür etmək istəyirik.
Şübhəsiz ki, bölgəyə sülhün gəlməsi prosesi sadəcə Azərbaycan tərəfindən asılı deyil, Ermənistandan da asılıdır. Ermənistan təəssüf ki, müstəqil şəkildə qərar qəbul edə bilmədiyi üçün ziqzaqvari hərəkət etməkdədir. Nəticədə, sülh prosesinin yubadılması baş verir, delimitasiya və demarkasiya məsələləri ilə bağlı konkret nəticələrin ortaya qoyulmasında maneələr və əngəllər yaranır. Azərbaycan müstəqil dövlətdir, öz xarici siyasət, müdafiə strategiyasını, mövqeyini açıq və aydın şəkildə ortaya qoyarkən heç kəsdən icazə almır. Azərbaycan özünün milli maraqları çərçivəsində bölgənin ümumi ab-havasına müsbət təsir göstərəcək şəkildə addım atmaqdadır. Azərbaycan və qardaş Türkiyənin birliyi, bərabərlik və müttəfiqlik münasibətləri də bu istiqamətdə yalnız müsbət təsir göstərən arqumentdir.
Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsinə və paralel şəkildə Ermənistan baş naziri Paşinyanın fikirlərinə baxanda fərqi hiss edirik. Cənab Prezidentin səlis, dəqiq, Azərbaycan dövlətinin mövqeyini ortaya qoyan, qətiyyətli fikirləri ilə Ermənistan baş nazirinin təzadlı fikirləri arasında çox böyük fərqlər var. Bu, açıq-aydın özünü büruzə verməkdədir”.
Ramil Həsən vurğulayıb ki, bütün məqamlar Azərbaycanın sülhə hazır olduğunu göstərir:
“Azərbaycan Qarabağ ermənilərini vətəndaşı kimi qəbul etməyə, onların Azərbaycan ictimaiyyətinə inteqrasiyasına hazırdır. Amma Ermənistan dövləti də Ermənistandan qovulmuş azərbaycanlıların, yəni Qərbi Azərbaycanlıların öz dədə-baba torpağına dönməsinə töhfə verməlidir. Ermənistan hökuməti dialoq təkliflərimizə müsbət yanaşmalı, Qərbi azərbaycanlılarla masaya oturmalıdır. Necə ki, Azərbaycan Qarabağ erməniləri ilə təmaslar aparır, onların inteqrasiyasına lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edir, Ermənistan dövləti də eyni addımları atmalıdır. Ermənistan azərbaycanlıların dədə-baba torpaqlarına geri qayıtması, vətəndaşlıq hüquqlarının bərpası, konstitusiyaya müvafiq dəyişikliklər və əlavələr edərək milli azlıqlar kimi Azərbaycan vətəndaşlarına lazımi hüquqların verilməsi, dil, mədəniyyət azadlığının bərpası, ev-eşiklərimizin bizə qaytarılması istiqamətində addımlar atmalıdır.
Rəsmi İrəvan haqlı tələblərimizi yerinə yetirməkdən boyun qaçırmasa, biz sülhün yaxın zamanda baş verməsinin şahidi ola biləcəyik”.
Aysel Aslan
www.RIA24.az