Şuşadan Xankəndini müşahidə etmiş türkiyəli jurnalist: “Heç nə əvvəlki kimi olmayacaq” – FOTO

Siyasət


“Bakıya səfər zamanı 44 günlük müharibənin Azərbaycan xalqında yaratdığı qürur, özünəinam və Türkiyə sevgisini yaxından görmək imkanımız oldu. Şuşaya səfərimiz də bu qürur və özünəinamın göstəricisidir. Biz gördük ki, geriyə yol yoxdur və Azərbaycanın siyasi iradəsini qırmaq mümkün deyil”.

“Report” xəbər verir ki, bu fikirlər Türkiyənin “Dünya” qəzetinin yazarı Ragıp Kutay Karacanın Azərbaycana səfərlə bağlı köşə yazısında yer alıb.

Müəllif Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Şuşaya baş tutan səfərinin yekunları ilə bağlı hazırladığı məqaləsində Füzulidə gördüklərindən şoka düşdüyünü vurğulayıb.

R.K.Karaca iki Füzulinin şahidi olduğunu qeyd edib:

“Birincisi, 30 il dağıdılan, daşı daş üstündə qalmayan Füzuli. İkincisi, yenidən qurulan və qeyri-adi sürətlə bərpa edilməkdə olan müasir Füzuli”.

Ragıp Kutay Karaca

Yazar daha sonra ermənilərin işğal zamanı bölgəni minalamasına toxunub, minatəmizləmə işlərinə təxminən 30 il və 25 milyard dollar lazım olduğunu diqqətə çatdırıb:

“Bu günə qədər 80 min hektar ərazi təmizlənib və zərərsizləşdirilən minaların sayı 45 minə yaxındır. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməyib. Ümumilikdə bölgədə bir milyona yaxın mina basdırılıb.

Minalar Azərbaycanın regiona investisiyalarını və köçkünlərin geri qayıtmasını gecikdirir. Hüquq müdafiəçiləri, müharibə əleyhdarı olan fəallar, demokratiya carçıları, beynəlxalq qurumlar buna reaksiya vermirlər. Biz təəccüblənirik? Yox. Füzulidən sonra gördüyümüz mənzərədə heç nə dəyişməyib. Hər yer taleyin ümidinə qalıb. Ermənistan buğda əkilməli olan tarlalara minalar basdırıb”.Türkiyəli yazar bütün bunlara baxmayaraq, Azərbaycanın böyük sərmayələri çox sürətlə həyata keçirdiyini bildirib və bunun sevinc doğuran hal olduğunu vurğulayıb.

“İşğaldan azad olunan ərazilərdə hava limanları tikilib, dağların içindən magistral yollar çəkilir. Şuşada sıldırım qayaları görəndə gözümüzün önünə Azərbaycan əsgərlərinin həmin qayalara dırmaşaraq şəhəri necə azad etmələri gəlir. Bu cəsarətin səbəbi böyük türk sivilizasiyasının mühüm şəhəri olan Şuşanı öz sahiblərinə qaytarmaq istəyindən başqa bir şey deyil. Şuşa qalasını və onun qarşısında xarıbülbül simvolunu görəndə sözlə ifadə olunmaz sevinc hissi keçiririk.Bir daha görürük ki, türkün torpağına başqası iddia edə bilməz. Sevincimiz odur ki, Şuşanın hər küçəsində tikinti materialları daşıyan avtomobillər şütüyür. Böyük hotellər tikilib. Şuşa əvvəlki vəziyyətinə uyğun bərpa olunur. Şuşadan Xankəndiyə baxdıqca beynimizdən keçən bu olur ki, heç bir şey əvvəlki kimi olmayacaq. Döyüş meydanında qazanılan qələbə ilə azad olunan torpaq Azərbaycan ərazisidir. Bu qələbənin masa arxasında itirilə biləcəyini və ya güzəştə gedilə biləcəyini düşünənlər yanılırlar. Onların 2025-ci ilə qədər vaxtı var! Sonra? Onlar Şuşa Bəyannaməsini xatırlamalıdırlar”, – məqalədə bildirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir