Türkiyəli professor: “Hindistanın Ermənistana dəstəyi Ankara ilə də münasibətlərinə xələl gətirəcək”

Siyasət


“Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini qəbul etdiyi halda, Hindistanın Ermənistana siyasi dəstəyi və hərbi əməkdaşlığı Hindistan-Azərbaycan və Hindistan-Türkiyə münasibətlərinə xələl gətirəcək”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Ankara Universiteti Asiya-Sakit Okean Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri, professor Merthan Dündar bildirib.

Hindistanın İran üzərindən Ermənistana silah satışı və hərbi əməkdaşlıq etməsinə toxunan ekspert deyib ki, Ermənistan Azərbaycana qarşı işğalçı mövqeyinə son qoyarsa, o zaman Azərbaycan da onunla düşmənçilik etməyəcək.

O vurğulayıb ki, Ermənistan əhalisi iqtisadi çətinliklər içində ola-ola hakimiyyət xalqın pullarını silah-sursata xərcləyir:

“Şübhəsiz ki, silahların susduğu bir mərhələdə Ermənistan rəhbərliyinin bu cür hərbi sərmayə qoyması Azərbaycan və Türkiyəni məmnun etməyəcək və hər iki qardaş ölkə rəhbərliyini ehtiyat tədbirləri görməyə məcbur edəcək”.

Merthan Dündarın fikrincə, indiki vəziyyətdə qonşu dövlətlərlə yaxşı və dinc münasibətlər qurmaqla rifah səviyyəsini yüksəldə biləcək Ermənistanın öz əleyhinə addım atması xalqına bundan sonra da problem yaratmasına gətirib çıxaracaq:

“Bunun da çanağı öz başında çatlayacaq”.

Professor onu da vurğulayıb ki, Hindistan belə bir addım atmaqla özünü regiondakı güclü ticarət ortaqlığından məhrum edir:

“Belə davam edərsə, Hindistan Türkiyəni, eləcə də dost və qardaşlarını şübhə altına alacaq dərəcədə bu ölkələrlə yeni və güclü ticarət ortaqlığı qurmaqdan uzaqlaşacaq”.

Ekspert hesab edir ki, Ermənistan Azərbaycanın vəziyyəti nəzarətdə saxladığını nəzərə almazsa, Hindistandan əldə etdiyi silahların zərərsizləşdirilməsi üçün Azərbaycan da müvafiq addımlar atmaq məcburiyyətində qala bilər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir