DOST hesabat verdi – VİDEO

Siyasət


Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin beş yaşı tamam olur.

Bununla bağlı mətbuat konfransı keçirilib.

Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, dövlət başçısının tapşırıqları əsasında son beş ildə dörd sosial islahat paketi icra olunub:

“Dörd milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb. DOST mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. Azərbaycanda 2025-ci ilədək DOST mərkəzlərinin sayının 17-yə, DOST filiallarının sayının isə 55-ə çatdırılması nəzərdə tutulur”.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov isə bildirib ki, gündəlik xidmət göstərdikləri vətəndaşların sayı isə üç mindən çoxdur:

“DOST konsepsiyasının ideyası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. Bu konsepsiya Azərbaycanda son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir.

Vətəndaşa yeddi dəqiqə ərzində xidmət göstərilir və bu istiqamətdə beynəlxalq standartları üstələyirik. Əgər 2021-ci ildə 410 min vətəndaşa xidmət göstərmişiksə, bu ilin yeddi ayında bu rəqəm 404 minə yaxındır. Bu da göstərir ki, bu ilin nəticələri əvvəlki illərlə müqayisədə çox olacaq”.

Qeyd edək ki, DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə DOST Agentliyi 13 beynəlxalq mükafat və sertifikatla təltif olunub. O cümlədən, Agentlik Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının üç mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına və s. layiq görülüb.

“Aİ Biznes Mühiti Hesabatı 2021”də DOST mərkəzləri Azərbaycanın üç təkmil islahatından biri kimi qiymətləndirilib. “Könüllü DOST” proqramı isə “Global HR Summit 2023” tədbiri çərçivəsində “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalib elan olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir