Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə XX əsrin sonlarına qədər əhalisinin əsas hissəsini azərbaycanlıların təşkil etdiyi tarixi Azərbaycan ərazilərindən biri – Şörəyel mahalı və sultanlığı haqqında süjet hazırlanıb.
“Çar Rusiyasının işğal etdiyi Şörəyel mahalı” adlı süjetdə qədim dövrlərdən türk torpaqları olan Qərbi Azərbaycanın çox zəngin tarixi, burada yaşayan əhalinin isə dərin kökü, irsi olduğu, mənfur ermənilərin isə tarixi daim saxtalaşdırmaqla özlərinə süni məkan yaratdıqları vurğulanır.
Bildirilir ki, İrəvan xanlığının tərkibinə daxil olan, bu gün isə ermənilərin inzibati-ərazi bölgüsündə 10 mərzindən, əyalətindən biri kimi “Şirak” adlandırdığı Şörəyel mahalında ermənilərə aid heç bir tarixi irs yoxdur:
“İrəvan xanlığının şimal-qərbində, Alagöz, yəni Ələyəz dağının ətəyində yerləşən Şörəyel sultanlığı Əfşar imperiyasının dağılması dövründə meydana çıxıb. Bu sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunub. Son hökmdarı Budaq Sultan, mərkəzi isə Ərtik olan əhalisi Azərbaycan türklərindən ibarət mahalda 109 kənd mövcud olub. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlayıb”.
Qeyd olunur ki, Şörəyelin əsasən qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra 1806-1812-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsi zamanı bölgəni tərk edirlər. Onların bir hissəsi İrəvan xanlığı ərazisinə, bir hissəsi isə Qars paşalığı ərazisinə köçürlər. Şörəyel bölgəsində onlarla kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilirlər. Bundan sonra Şörəyeldə qədim türk adlı kəndlər də erməniləşdirilməyə başlayır.
Süjetdə 1829-cu ilə, yəni Rusiya-Osmanlı müharibəsindən sonra Şörəyel-Pəmbək distansiyasına köçürülən ermənilərin statistikası verilir, Çar Rusiyasının Şörəyel mahalını amansızlıqla işğal etməsinin məqsəd və istəyinin Azərbaycan türklərinə qarşı soyqırımlar, qətliamlar törədərək Şörəyel sultanlığını məhv etmək, yerli əhalini didərgin salıb oranı erməniləşdirmək olduğu bildirilir.
Sonda diqqətə çatdırılır ki, əhalisi bütünlüklə Azərbaycan türklərindən ibarət olan mahalın yer-yurd adları dəyişdirilən, dəfələrlə deportasiyaya məruz qalan sakinləri isə 1988-ci ildə doğma yurdlarından didərgin salındılar: “XX əsrin əvvəllərində və sonlarında gəlmə ermənilər, daşnaklar soydaşlarımıza qarşı tükürpədici cinayətlər törətdilər və onların deportasiyasını gerçəkləşdirdilər. Bu gün Şörəyeldə və başqa ellərimizdə bir nəfər də olsun Azərbaycan türkü yoxdur. Amma inanırıq ki, biz yenidən öz tarixi torpaqlarımıza qayıdacaq, Qərbi Azərbaycanın əzəli və əbədi sakinləri olacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az