Azərbaycan-İran münasibətlərinin cari mərhələsi: Tehran baş “vəkil”i ilə hərəkətə keçir – ŞƏRH + FOTO

Siyasət


İran-Azərbaycan münasibətlərinin hazırkı durumundakı gərginliyin azalması nəzərə çarpır, hərçənd, Tehran tərəfindən idarə olunan müxtəlif informasiya resurslarında Bakı əleyhinə çağırışlar az deyil.

Ona görə gərginliyin nisbi yumşalmasından danışırıq ki, tərəflər bir-birlərinə qarşı rəsmi şəxslər səviyyəsindəki ritorikanı dəyişiblər.

Bununla belə, nə Azərbaycan, nə də İran öz maksimalist məqsədlərindən əl çəkiblər.

Bakı üçün regional sülh və təhlükəsizlikdə Zəngəzur dəhlizi böyük rola sahibdir, Tehrana görə isə həmin koridor ona təhlükə yaradır.

Deməli, Azərbaycan-İran münasibətlərindəki gərginliyin tarixi, təhlükəsizlik, siyasi kontekstinə əlavə olunan Zəngəzur dəhlizinin parametrləri yüksək risk olaraq qalmaqdadır.

İranın regionda ambisiyalı təmsilçilik iddiaları fonunda gözə soxmaq istədiyi ideoloji şəbəkənin də iflas həddinə çatması onu alternativlərə sövq edir.

İran Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdəki təbliğat-ideoloji, kəşfiyyat izlərini regional qüvvələr nisbətində dəyişikliyin barometri hesab edir.

İranın Gürcüstan üzərindən oynadığı oyun Tehranın Yaxın Şərqdə bəslədiyi proksi qüvvələri Cənubi Qafqaza yerləşdirmək planı ilə mütənasibliyə malik ola bilər.

İranın Yaxın Şərqdəki baş “vəkil”i “Hizbullah”la yeni müzakirələri regional şəkilləndirmədəki Tehranın cəhdləri fonunda gizli məqamları üzə çıxara bilər.

Nəzər yetirəcəyimiz proseslər:

– İranın təbliğat resurslarında Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulinin Livana gedərək “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahla görüş keçirməsini Azərbaycan-İsrail əməkdaşlığına mənalı cavab hesab edirlər;

– Yeni bir şey olmasa da, SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmail Qaninin Livandakı “Hizbullah” yaraqlılarının döyüş hazırlığını yoxlaması diqqət çəkir;

– İranın Yaxın Şərqdəki və Cənubi Qafqazdakı aktivliyi onun qeyri-rəsmi dairələrində İran-Rusiya Ermənistan-Çin ittifaqının yaradılması çağırışları ilə əlaqəli şəkildə gündəmə gətirilir (bu ittifaqın yaranması real görünmür).

Üzə çıxan informasiyalar İranın səhnə arxasındakı fəaliyyətini işıqlandırdığından Bakı-Tehran münasibətlərindəki gərginlik qatlarının ölçüsünün dəyişmədiyini görə bilərik.

Ancaq Azərbaycanla İran iqtisadi aspektlər üzrə əməkdaşlığının izləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin geoiqtisadi məntiqində böyüyür. Buna görə də Azərbaycanla İran arasında siyasi-diplomatik təmaslarla yanaşı, iqtisadi-ticari əməkdaşlıq üzrə danışıqlar davam edəcək.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir