Rüstəm Qaraxanlı yazır…
Qarabağda kök salmış separatçı xunta və rəsmi İrəvan başlatdıqları “blokada” kampaniyasına bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatların birtərəfli, qərəzli yanaşması ikili standartlar anlayışını bir daha aktuallaşdırıb. Azərbaycan mediasında artıq bir neçə gündür Laçın sərhəd-keçid məntəqəsi ətrafında rəsmi Bakıya edilən təzyiq cəhdləri ilə 2014-cü ildə Rusiyanın rəsmi Kiyevin razılığı olmadan Ukraynaya “humanitar yardım” adı altında naməlum yüklər keçirməsi arasında paralellər aparılır. Xatırlatmaq yerinə düşər ki, 9 il öncə Moskva bu məqsədlə hətta BMT TŞ-də məsələ qaldırmış, XİN rəhbəri Sergey Lavrov vasitəsilə xüsusi müraciət etmiş, ancaq qəti rədd cavabı almışdı. Gətirilən əsas arqument ərazi bütövlüyü prinsipinin pozulmazlığı idi. Dünya birliyi bu qənaətdə idi ki, Ukraynanın razılığı olmadan Rusiyanın onun bir hissəsinə humanitar yardım etməsi ərazi bütövlüyünə qəsddir və faktiki olaraq işğal təzahürüdür. Bu gün biz Azərbaycana münasibətdə Ukraynanın dəstəklənməsindən fərqli yanaşmanı müşahidə edirik. Üstəlik, “humanitar yardım” cəhdi Ermənistan tərəfindən heç bir rəsmi müraciət olmadan və icazə alınmadan edilir.
Bu kimi hallar dünya praktikasında tək 2014-cü ildə Donbas ətrafında cərəyan edən Rusiya-Ukrayna qarşıdurması ilə məhdudlaşmır. “Ərəb baharı” zamanı Suriyada baş vermiş qanlı münaqişə ərzində və sonra Qərb ölkə ərazisinə humanitar həmlələr etməyə çalışırdı, ancaq bu cəhdlər BMT-də ciddi müzakirə və mübahisə predmetinə çevrilirdi. Suriya istəyirdi ki, humanitar yüklər Türkiyə ilə mövcud olan 600 km-lik sərhəddəki keçid məntəqələrindən deyil, başqa yollarla ölkəyə daxil olsun. Səbəb Dəməşqin Ankara ilə olan gərgin münasibətləri idi. Dünya birliyi isə hesab edirdi ki, Suriyanın digər sərhədlərinə yaxın ərazilərdəki səhra komandirləri ilə üzücü və uzun danışıqların aparılması humanitar yardımın çatdırılmasını gecikdirə bilər. Yeri gəlmişkən, bu ilin əvvəlində Türkiyə və Suriyada baş vermiş zəlzələ zamanı da oxşar məzmunlu problem ortaya çıxdı. Belə ki, dünya tərəfindən zəlzələnin fəsadlarının aradan qaldırılması və zərərçəkmişlərə yardım edilməsi məqsədilə yalnız Dəməşqin rəsmi razılığından sonra humanitar yardım ölkə ərazisinə daxil oldu.
Cəmi bir ay öncə, 2023-cü ilin iyul ayında Suriya ilə BMT humanitar yardımın edilməsi üçün xüsusi razılığa gəldilər. Əsəd hökuməti BMT-yə 6 ay ərzində maneəsiz olaraq Türkiyə ilə sərhəddə “Bab-əl-Həva” məntəqəsindən humanitar yardımların edilməsi üçün icazə verdi. Təbii ki, sual olunur: nə məqsədlə BMT Suriyada üzücü vətəndaş müharibəsi və zəlzələnin qurbanlarına yardım etmək üçün Dəməşqdən icazə gözləyir, ancaq dünyanın ən böyük beynəlxalq təşkilatının baş katibi bunu Azərbaycandan tələb edir? Azərbaycan da müstəqil dövlətdir, Suriya da. Bəyəm Azərbaycanın beynəlxalq imici və reputasiyası Suriyanınkından zəifdir? Əsla! Suriyada yardım bəzi beynəlxalq aktorların dəstəyi ilə baş vermiş vətəndaş qırğınının fəsadlarının yüngülləşdirilməsinə yönəldiyi halda, Azərbaycanda rəsmi Bakıdan yumşalmanın 30 il ərzində ölkə ərazisinin 20 faizini işğalda saxlamış (BMT TŞ-nin 4 qətnaməsi ilə təsdiqlənmiş), Xocalı soyqırımını, milli, dini zəmində cinayətlər törətmiş etnik separatizmin hərbi təzahürünə (həmin təzahürün sıravi vətəndaşları girov saxlamasına) münasibətdə edilməsi tələb olunur. Məntiqsizlik deyilmi? Meşəli qırğınının iştirakçısı olmuş Vaqif Xaçatryan kimi yüzlərlə hərbi cani bu gün Qarabağda gizlənir. Onlara qarşı “humanistlik” tələb etmək hərbi cinayətkarları himayə etmək sayılmırmı?
Daha bir misal, bu günlərdə Qətərin paytaxtı Dohada Əfqanıstanın Taliban hökumətinin təmsilçiləri ilə rəsmi Vaşinqtonun nümayəndələri arasında müsbət nəticələnən danışıqlar olub. Müzakirə olunan mövzuların arasında Əfqanıstanda humanitar əməliyyatların həyata keçirilməsi üçün Talibandan razılıq əldə edilməsi də var. Belə görünür ki, bu istiqamətdə pozitiv irəliləyişlər olacaq. Müqayisə üçün: dünyanın ikinci iri beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına üzvlərin xahişi ilə iki müddət rəhbərlik etmiş və bir sıra mütərəqqi təşəbbüslərin müəllifi olmuş Azərbaycanın beynəlxalq reputasiyası Taliban hərəkatının imicindən aşağıdırmı ki, humanitar aksiyalar üçün rəsmi Kabil təmsilçilərindən icazə alınır, bizə isə tələb irəli sürülür?
Problemə həm nəzəri, həm də praktiki tərəfdən nəzər yetirsək, kifayət qədər ziddiyyətli yanaşma və münasibətin şahidi ola bilərik. Praktikadan danışsaq, təbii ki, önə konkret problemlə bağlı ayrı-ayrı dövlətlərin maraqları çıxır. Məsələn, alternativ arqument olaraq hazırda Çin hesab edir ki, humanitar yardım konkret şəkildə bərpa və rekonstruksiyaya, elektrik və su təchizatının təmin edilməsinə, səhiyyə və təhsil kimi məqsədlərə xidmət etməli və siyasiləşdirilməməlidir. Pekin bu qənaətdədir ki, humanitar yardım adı altında pərdələnmiş hərbi intervensiya, təbii ehtiyatların talan edilməsi kimi əməllər olmamalıdır və ən əsası: nəzərə alınmalıdır ki, aksiyanın keçirildiyi dövlətin ərazi bütövlüyünə hörmət əsasdır. Xatırladaq ki, Çinin bu yanaşmasını ötən ilin mart ayında BMT TŞ-nin Suriyaya humanitar yardımla bağlı təşkil etdiyi xüsusi iclasındakı çıxışında Pekinin təşkilatdakı nümayəndəsi Day Bin səsləndirib. Deyilənləri Azərbaycanın bir hissəsi olan Qarabağa münasibətdə tətbiq etsək, olduqca maraqlı situasiya yaranır: Qarabağda mövcud olan hərbi xunta faktiki olaraq hərbi fəaliyyətin məhsuludur və hamı, o cümlədən Ermənistan tərəfindən tanınan ərazi bütövlüyümüzə qəsdin mənbəyidir. Ortada təbii sərvətlərin talan edilməsi faktı var və bu təhlükə yalnız ötən ilin dekabrında Azərbaycanın qeyri-hökumət təşkilatlarının səyləri nəticəsində neytrallaşdırılıb. Qarabağda Azərbaycanın erməni milliyyətindən olan vətəndaşlarının təhsil, səhiyyə ehtiyacları mövcuddur və xunta rəsmi Bakının bu istiqamətdə tədbirlər görməsinə əngəl törədir. Sərsəng su anbarının timsalında təbiətin məhvi və nəticə etibarilə elektrik enerjisində, su təchizatında süni formada yaradılmış problemlər var, separatçı qurum Azərbaycanın bu məsələlərin həllinə maneə yaradır, beynəlxalq birliyin bəzi aktorları isə “blokada” adı altında faktiki olaraq hərbi-siyasi xuntaya dəstək verirlər. Qəribə deyilmi?
Mövzudan kənara çıxmamaq şərti ilə humanitar yardım və ərazi bütövlüyü prinsipindən danışırıqsa, bir nümunə ilə problemin praktiki tərəfdən müzakirəsinə nöqtə qoya bilərik. Dünyada ən çox humanitar yardım edən ölkələrdən biri İsveçrədir. İsveçrə Ukraynada bu fəaliyyətlə məşğul olan ən aktiv dövlətdir. Diqqət: işğal faktından əziyyət çəkən, humanitar yardıma ehtiyacı olan Ukraynadır, köməklik edən isə İsveçrə. Hətta bu halda belə İsveçrə fəaliyyət üçün Ukraynadan razılıq alır. Sadə dillə desək, prosesi belə izah edə bilərik: icazə verin sizə yardım edim. Azərbaycanla bağlı situasiyanı bu tərzdə təsvir etsək, belə bir forma alınar: biz sizin icazəniz olmadan belə ərazinizin 20 faizini işğal və talan etmiş, onminlərlə vətəndaşınızı qətlə yetirmiş, iqtisadiyyatınıza milyardlarla dollar ziyan vurmuş, şəhər və kəndlərinizi yer üzündən silmiş, bizim də tanıdığımız ərazi bütövlüyünüzlə hesablaşmayan separatçı quruma yardım etmək istəyirik və sizin orada yaşayan sıravi əhaliyə kömək etmək istəyinizi görməzdən gəlirik.
www.RIA24.az